İranda baş verən kütləvi etiraz dalğasından sonra ölkənin Ali Lideri Əli Xamenei uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, paytaxtda yerləşən və İran İslam Respublikasının banisi olan Ruhullah Xomeyninin məqbərəsini ziyarət edib.
NOCOMMENT.az xəbər verir ki, səfər İranda İslam İnqilabının 47-ci ildönümü ilə bağlı keçirilən rəsmi tədbirlər çərçivəsində baş tutub. Xamenei məqbərədə dua edib, Quran oxuyub və mərasimdə iştirak edənlərlə birlikdə Xomeyninin xatirəsini yad edib.
Ali Liderin ziyarət zamanı dua etdiyi anı əks etdirən foto onun X sosial şəbəkəsindəki rəsmi hesabında da paylaşılıb. Bu görüntü Xameneinin etirazların başlanmasından sonra ilk dəfə açıq məkanda görünməsi baxımından diqqət çəkib.
Qeyd edək ki, son aylarda ölkədəki daxili gərginlik fonunda Xameneinin ictimai tədbirlərdə iştirakı minimuma enmişdi və bu səfər siyasi dairələrdə xüsusi maraqla qarşılanıb.














