Ev alarkən buna diqqət edin! – Külli miqdarda pul itirə bilərsinizbackend

Ev alarkən buna diqqət edin! – Külli miqdarda pul itirə bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təklif edilən mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat bahadır.

İnsanların panorama üçün bu qədər yüksək məbləğ ödəməsinin digər səbəbi də əmlaka əlavə dəyər qatmasıdır. Bəs görəsən zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar yeni tikilən binaların gələcəkdə həmin mənzərənin önünü kəsə biləcəyini düşünürmü?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Ramil Qasımzadə bildirib ki, bu cür hallarla bağlı heç bir hüquqi pozuntu yoxdur:

“Vətəndaş bunu mənzil alarkən yerdən asılı olaraq dəqiqləşdirməlidir. MTK hər hansı mənzili satarkən onun dəniz mənzərəsi olub-olmamasını faktiki vəziyyətinə uyğun olaraq müəyyən edir. Zaman keçdikcə ola bilər ki, həmin ərazidə hansısa başqa bir sahibkar tərəfindən yeni bina ucaldılsın. Bu zaman hər hansı bir MTK-nı günahlandırmaq olmaz və burada hüquq pozuntusundan söhbət getmir. Çünki illər keçdikcə hansısa bina sökülə və onun yerində yeni və daha hündürmərtəbəli bina inşa oluna bilər. Təbii ki, vətəndaş özü bu məsələlərdən məlumatlı olmalıdır. Baş plana nəzər salmalı və aldığı binanın mərtəbəsinə diqqət etməlidir. Əgər bina 6 mərtəbəlidirsə, hər zaman bu təhlükəni gözə almalıdır. Risk daşımayan mərtəbələr 12-16-cı mərtəbələrdir. Fikir versək görərik ki, ən baha mənzillər də məhz bu mərtəbələrdəkilərdir. Bakının müxtəlif yerlərində bu problem özünü göstərir. Vətəndaş dəniz mənzərəli mənzil istəyirsə, ilk öncə binanın yerləşdiyi yerin ətrafına nəzər yetirməli, gələcəkdə tikinti ehtimalının yüksək olub-olmamasını dəqiqləşdirməlidir”.

Ekspert dəniz mənzərəli mənzillərin digərlərinə nisbətən olduqca baha satıldığını diqqətə çatdırıb:

“Bu məsələdə müvafiq icra hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komistəsinə müraciət edib, həmin ərazidə hündürmərtəbəli binanın tikilib-tikilməyəcəyi ilə bağlı məlumat almaq olar. Çünki artıq bu Baş Planda təsdiq olunub və bu barədə məlumat verə bilirlər. Dəniz mənzərəli panorama mənzillərin qiymətləri eyni mərtəbədə olan digər mənzillərə nisbətən 15-20 faiz daha baha olur. Məsələn, binada yerləşən adi mənzil 100 minə təklif olunursa, dəniz mənzərəsi olan mənzil 120 min manata satılır. Hətta bəzən bu qiymət 130-140 min manata qədər gedib çıxır. Məlumat üçün bildirim ki, hündürmərtəbəli binalarda ən ideal mənzillər 10-12-ci mərtəbələrdə olan mənzillər hesab olunur. Aşağı mərtəbələr və ən üst mərtəbə isə nisbətən ucuz təklif edilir. Vətəndaş isə daha çox 8-13-cü mərtəbələrə üstünlük verir”.