Ev tikəndə başının üstünü kəsdirirlər, amma 15 yaşlı qız uşaq doğanda xəbərləri olmurbackend

Ev tikəndə başının üstünü kəsdirirlər, amma 15 yaşlı qız uşaq doğanda xəbərləri olmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ölkə dəhşətli bir xəbərlə silkələndi. Dünyaya uşaq gətirən 15 yaşlı qız körpəsi ilə birlikdə öldü. Araşdırmalar nəticəsində məlum oldu ki, qızcığaz 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olub.

Bu problem uzun illərdən bəri müzakirə olunsa belə, hələ də bir nəticə vermir. Bu kimi halalr azalmaqdansa, günü-gündən artır. Azyaşlı qızlar nikaha sövq edilir və nəticəsi ölüm olur.

Maraqlıdır, bunun qarşısını necə almaq olar?

NOCOMMENT xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yenisabah-a açıqlamasında deyib ki, burada həmin kişi ilə yanaşı icra strukturları da cəzalandırılmalıdır: “Belə düşünürəm ki, artıq kişi ilə yanaşı, oradakı icra strukturlarını da cəzalandırmaq lazımdır. Bu sənin ərazində baş verib. Bununla bağlı niyə vaxtında qabaqlayıcı tədbir görmürsən?

Ümumiyyətlə, hesab edirəm ki, pandemiyadan sonraki dövrdə bu kimi hallar gözlənilən idi. Bir dəfə bu haqda yazı da yazmışdım ki, bu kimi hallar artacaq. Pandemiyada qapalı mühit oldu, kifayət qədər çox ərazi bağlandı və nəzarət mexanizmi pozuldu. Əslində, yaxşı nəzarət mexanizmi hazırlanmışdı”.

Xanım Zeynalova qeyd edib ki, hazırda cəmiyyət pandemiyanın fəsadlarını yaşayır: “Biz birtərəfli şəxslə bağlı hərəkətlər edirik. Dövlət proqramı, onu icra edən qurumlar, İcra Hakimiyyəti nəzdində komisiyyalar var. Mənə elə gəlir ki, artıq hesabı onlardan da soruşmaq lazımdır. Özü də ciddi şəkildə soruşmaq lazımdır. Əgər bir ərazidə çoxlu bu kimi hallar baş versə, o zaman belə çıxır ki, yerli icra strukturları bunu gizlədir. Bunlar axı dövlət proqramını icra edirlər. Bunu icra edə bilmirlərsə, vaxtında aşkar edib, tədbir görə bilmirlərsə, o zaman məsuliyyəti onlar da çəkəcək. Məsələyə belə yanaşaq, bəlkə onda ciddi mübarizə apara bilərik”.

M.Zeynalova qeyd edib ki, monitorinq imkanları da bir qədər azalıb: “QHT-lər rayonlara çıxa bilmir. Çünki çoxunun maliyyə dəstəyi yoxdur. Pandemiyaya görə, monitorinq imkanı da bir qədər azalıbdır. Bu halda o qalır ki, dövlət qurumları bu kimi prosesləri aşkarlamalıdır. Soruşmaq lazımdır ki, siz necə bunları görmürsüz?

Ev tikirsən, icra hakimiyyəti dərhal başının üstünü kəsdirir, amma 15 yaşlı qız uşaq doğur, xəbərləri olmur. Buna nə ad vermək olar?”