Evində keçmiş məcburi köçkün məskunlaşan Bakı sakini çətin vəziyyətdə qalıb – VİDEObackend

Evində keçmiş məcburi köçkün məskunlaşan Bakı sakini çətin vəziyyətdə qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayon sakini Heydər Səlimov evinə köçə bilmir. Çünki Lökbatan qəsəbəsi, Nizami küçəsi 5a ünvanında yerləşən mənzilində keçmiş məcburi köçkünlər məskunlaşıb.

Ömrünün yarısını mənzilə qayıdacağı günü gözləməklə keçirən Heydər Səlimov deyir ki, torpaqlarımız işğaldan azad olanda ikiqat sevinib. Çünki həm də tezliklə evinə qayıdacağını düşünüb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu illər ərzində ailələr arasında nə bir dava, nə anlaşılmazlıq olub.

Ev sahibi deyir ki, məhkəmə qərarı əlində olduğu halda onlara təzyiq göstərməyib.

İşğaldan sonra paytaxtın Lökbatan qəsəbəsi, Nizami küçəsi 5a ünvanında yerləşən mənzildə yaşmağa başlayan Ağdamın Şıxbabalı kənd sakini Nazim Həsənov da deyilənləri təsdiqləyir. Onlar hələ də yaşadıqları evdən çıxmamalarının səbəbini isə yeni evlə təmin olunmamaları ilə izah edirlər.

“Ev versinlər, bu gün köçüm. Bizim kəndimiz hələ gələn il tikiləcək – 2026-ci ildə. Yoldaşım Xıdırlı kəndindəndir. Xıdırlıda boş evlər var. Əgər mümkündüsə, oradan ev versinlər, köçüm”, – deyə Nazim Həsənov bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qurum bu məsələ ilə bağlı məlumatlıdır.

Mehdiyeva Şəfiqə Əliş qızı Ağdam rayonu işğal olunan zaman Şıxbabalı kəndindən məcburi köçkün düşüb. Bu səbəbdən də onun və həyat yoldaşı Həsənov Nazim Hüseyn oğlunun Ağdam rayonunun Xıdırlı kəndinə köçmələri mümkün deyil. Hazırda Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Məcburi köçkünlər üçün mənzillər yalnız işğaldan azad edilən ərazilərdə tikilir. İşğaldan azad olunan ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilən evlərə ailələrin köçürülməsi zamanı, Həsənov Nazim Hüseyn oğlu və ailə üzvlərinin qeydiyyatda olduqları kənd üzrə köçürülməsinə qanunauyğun formada baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.