Evlənənlərin sayı niyə azalıb? – Sosioloq səbəbləri açıqladıbackend

Evlənənlərin sayı niyə azalıb? – Sosioloq səbəbləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bəs ölkədə nikahların sayının azalmasına səbəb nədir?

NOCOMMENT.az xəbər verir ki, bakupost.az- ın sualını sosioloq Elçin Bayramlı cavablandırıb.

O, son illər evlənmə və boşanma nisbətində çox ciddi disbalans olduğunu bildirib:

“Boşanmalar əlili faizə çatıb, bu, faciəvi bir vəziyyətdir. Evlənmələrin kəskin azalması da məsələnin digər problemli tərəfidir. Bunun da iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji deqradasiya, gənclərlə bağlı aparılan təbliğatlardır. Gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun və gələcəkdə evlənmə məsələsinə baxarsınız. Bu da çox zərərli təbliğatdır və nəticələrini də görürük.

İkincisi, gənclərə daim əyləncə təbliğ olunur və onlarda da belə bir fikir formalaşır ki, evlənib ailəyə diqqət, qayğı göstərib pul xərcləməkdənsə, bunu özümə xərcləyim. Yəni gənclər eqoist bir əhval-ruhiyyədə formalaşır. 20-30 ildir davamlı təbliğatın nəticəsi dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib və buna da heç kim dur demir”.

Sosioloq gənclərin evlənməməsinə sosial-iqtisadi vəziyyətin də təsir etdiyini bildirib:

“Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik ,bu gün Azərbaycanda gənclərin 90 faizinin ev almaq imkanları yoxdur. Ev ala bilməyəndə də bizdəki maaşla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də evi olmayan, tək özünü belə dolandıra biləcək gəncdən evlənməyi gözləmək olmaz. Bu da sosial problemlərin təsiridir”.

E.Bayramlı bununla milli genefondumuza və ailə institutuna ciddi zərbə dəydiyini bildirib:

“Bunun qarşısını almaq üçün heç nə etmirik. Üstəlik, evlənmələrin azalmasına da hər cürə şərait yaradırıq. Gənclər üçün ciddi sosial dəstək yoxdur. Bəzi ölkələrdə ailə quran gənclərə dövlət maliyyə yardımı edir, güzəştli şərtlərlə ev, uşaqpulu verir. Bu iki səbəb aradan qaldırılmasa, demoqrafik vəziyyət pisləşəcək”.