Evsiz jurnalistlər üçün ÜMİD: Güzəştli ipotekadan nə xəbər?backend

Evsiz jurnalistlər üçün ÜMİD: Güzəştli ipotekadan nə xəbər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.

Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər nəzərdə tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlərlə ipotekanın təqdim olunmasıdır.

Bəs jurnalistlər nə vaxtdan güzəştli ipoteka almaq üçün müraciət edə bilərlər? Onlar güzəştli şərtlərdən rahatlıqla yararlana biləcəklərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hələlik bu məsələnin bir ideya olaraq irəli sürüldüyünü və müsbət qarşılandığını deyib:

“Sosial güzəştlərin təsdiq olunması bir ideya kimi ortaya qoyulub və cəmiyyət tərəfindən də normal qəbul olunub. Bura təkcə sosial ipoteka aid deyil, nəzərdə tutulub ki, media reyestrinə düşmüş KİV qurumları və jurnalistlər üçün müəyyən sosial güzəştlər olsun. Burada sosial ipoteka nəzərdə tutulan güzəştlərdən biridir. Əsas odur ki, bu ideya olaraq dəstəklənib. İlkin olaraq isə jurnalistlərin daha çox ehtiyac duyduğu mənzil almaq, sosial ipotekaya düşməklə bağlı məsələsi daha aktualdır. Bu ideya olaraq irəli sürülüb və müsbət qəbul olunub, əksəriyyət tərəfindən də dəstəklənir. Amma təbii ki, hələlik ideya formasındadır, onun mexanizmləri hazırlanmalı, gerçəkləşdirmə yolları aydınlaşdırılmalı, danışıqlar aparılmalıdır. Bu bir fərddən asılı olan məsələ deyil, hələ ki, məsələ mexanizm olaraq işlənməlidir. Bu məsələ işlənəcək. Əsas olan odur ki, ideya alqışlanıb, hər media qurumu tərəfindən də dəstəklənib”.

M.Ələsgərli bu ideyanın ədalətli formada həyata keçiriləcəyinə inamın böyük olduğunu qeyd edib:

“Bu mexanizmin yaradılacağına və işin şəffaf, ədalətli formada keçiriləcəyinə inam böyükdür. Bu inam da ondan doğur ki, indiyə qədər Medianın İnkişafı Agentliyi öz öhdəsinə düşən işləri yüksək səviyyədə həyata keçirib, eyni zamanda verdiyi vədlərin də üzərində durub, hələlik elə bir iş yoxdur ki, o iş Media Agentliyi tərəfindən elan olunsun, amma gerçəkləşdirilməsin. Onlar verdikləri vədləri bu günə qədər yüksək səviyyədə həyata keçiriblər. Bu nəticəyə əsaslanıb düşünə bilərik ki, reyestrə düşmüş jurnalistlər üçün də sosial güzəştlərin tətbiq olunması məsələsində də vəziyyət bu cür olacaq, onlar üzərlərinə düşən vəzifəni yüksək peşəkarlıq və ədalətlə həyata keçirəcəklər. Bizim buna ümidimiz var. Amma dediyim kimi, hələlik KİV qurumları reyestrdən keçirlər, daha sonra jurnalistlər keçəcək və reyestr prosesləri tamamlanandan sonra yəqin ki, bu məsələlərin də gerçəkləşdirilməsinə başlanılacaq”.