Əvvəl MİDA, ardınca Təhsil Nazirliyi… – Nə baş verir?backend

Əvvəl MİDA, ardınca Təhsil Nazirliyi… – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən bağçalara qəbulla bağlı elektron qeydiyyat prosesinə start verilib. Elə proses başlayar-başlamaz sistemin işində bir neçə dəqiqəlik problem yaranıb. Təhsil Nazirliyi bunu elektron qəbulla bağlı çoxsaylı müraciətlərlə əsaslandırıb.

NOCOMMENT teleqraf-a istinadın xatırladır ki, güzəştli mənzil alınan zaman MİDA-nın sisteminə müdaxilə, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial sistemində qeydiyyatı zamanı problemlər yaşanmışdı.

İnsanların vaxta qənaət, işinin asanlaşması, bürokratik əngəllərlə qarşılaşmaması üçün nəzərdə tutulan elektron sistem ölkəmizdə niyə düzgün təşkil olunmur?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, istənilən halda müəyyən neqativ halların qarşısının alınması, daha şəffaf, ədalətli mexanizm qurmaq üçün texnologiyaların tətbiqi, onlayn sistemin yaradılması təqdirəlayiqdir.

Onun sözlərinə görə, rəqəmsal savadlılıq yetərli olmadıqda bir qədər bərabərsizlik və ədalətsizlik yaranır: “Amma zaman-zaman bu sistemlərdə problemlər, ədalətsiz yanaşmalar olur. İlk olaraq belə kütləvi xidmət qurulduqda rəqəmsal savadlılıqla bağlı məsələlər nəzərə alınmalıdır. Ölkə üzrə rəqəmsal savadlılıqda problemlər olduğuna görə ehtiyac var ki, alternativ metodlar olsun. Həmçinin, onlayn sistemdən imtina etmək heç vaxt doğru olmaz. Onun təkmilləşdirilməsi, aidiyyəti qurum tərəfindən audit olunması lazımdır”.

Osman Gündüz qeyd edib ki, MİDA-nın sistemində IT təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların rəyləri, auditi olsaydı, daha faydalı ola bilərdi: “Artıq ölkəmizdə auditlə bağlı məsələlər bir neçə gün öncə təsdiqləndi. Bu yaxınlarda informasiya, informasiyalaşma, informasiyanın mühafizəsi haqqında qanuna dəyişiklik olunub. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həm prezidentin fərmanları, həm də qanun qəbul olunub. Kritik informasiya infrastrukturu dedikdə məhz bu cür məsələləri nəzərdə tuturlar. Məsələn, MİDA. Bu, kritik informasiya infrastrukturunun subyektidir.

Yeni qanunun tələblərinə görə, artıq bu, kritik informasiya infrastrukturudur. Yəni buna qarşı təhlükəsizliyin gözlənilməsi üçün əlavə şərtlər irəli sürülüb. Aidiyyəti dövlət qurumları audit edəcək, təhlükəsizliyi yoxlayacaq. Məsələn, bağçaların sistemində kütləvi müraciət olacaqsa, xeyli sayda insan xidmət alacaqsa, sistemdə baş verən problem xeyli sayda insanın probleminə çevriləcəksə, o, kritik qurum hesab edilir. Düşünürəm ki, qanunvericiliyin qəbul olunması bu tip halların aradan qaldırılmasına xeyli kömək edəcək”.