Sosial Xidmətlər Agentliyi Sabirabadda mənzillərin alınması üçün eyni şəxslə iki müqavilə bağlayıb – Ümumi məbləğ 1,2 milyon manata yaxın
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillərin satın alınması ilə bağlı iki ayrı müqavilə bağlayıb.
NOCOMMENT.az xəbər verir ki, hər iki müqavilə Şahin Sərdar oğlu Quliyev ilə imzalanıb.
Birinci müqaviləyə əsasən, Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 694.400 AZN təşkil edir.
İkinci müqavilə isə həmin rayonda 8 ədəd üçotaqlı mənzilin alınmasını əhatə edir. Bu satınalmanın məbləği isə 555.520 AZN olub.
Beləliklə, hər iki müqavilənin ümumi dəyəri 1.249.920 AZN təşkil edir.
Müqavilələrin eyni şəxslə bağlanması diqqət çəkir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur. /32gun.az/















