Eyyub Hüseynov: Dərman baha, keyfiyyət isə aşağıdırbackend

Eyyub Hüseynov: Dərman baha, keyfiyyət isə aşağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərmanların qiymətinin sabitləşməsi, dövlət tərəfindən tənzimlənməsi istehlakçı hüquqlarının qorunmasında əhəmiyyətli sosial addımdır. 3 mindən çox dərmanın qiyməti sabitləşib, ölkəyə yeni gələn 168 dərmanın qiyməti Tarif Şurası tərəfindən müəyyən olunub. Buna baxmayaraq, əhali dərmanların keyfiyyətindən narazıdır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Tarif Şurasının dərmanlarla bağlı verdiyi yeni qərarı barədə danışarkən deyib.

“Ölkənin əmtəə bazarına daxil olan bütün dərmanlar Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanmalıdır. İcazə verildikdən sonra bazara daxil olmalıdır. Apteklərdə içliyi Azərbaycan dilində olmayan dərmanlar görürük. Bunlar qaçaqmal yolu gətirilmiş dərmanlardır. Çünki SN-nin yoxladığı bütün dərmanların içliyi Azərbaycan dilində olur. Saxta dərmanları tanımağın yollarından biri də budur”, – deyə sədr bildirib.

E.Hüseynovun sözlərinə görə, şübhəli dərmanları SN-nin qaynar xəttinə bildirməklə də aşkarlamaq mümkündür: “Dərmanların üzərində müəyyən artikl nömrə olur. Analitik Ekspertiza Mərkəzi tərəfindən qısa zamanda dərmanın qeydiyyata alınıb-alınmadığı aşkarlanır. Dərmanların tərkibindəki çoxsaylı kimyəvi maddələr mikronlarla ölçülən miqdarda olur. Bəzən ekspertiza da vacib aktiv kimyəvi maddənin dəyərini müəyyən etməkdə çətinlik çəkir. Bu səbəbdən dərman bazarında saxtakarlıq mövcuddur”.

O qeyd edib ki, Ümumdünya İstehlakçı Təşkilatının məlumatına görə, internet üzərindən alınan dərmanların 30%-i saxta olur: “Dünyada 30%-ə qədər saxta dərman dövriyyəsi var. Təəssüf ki, ölkəmiz də bu bəladan yan keçməyib. Azərbaycandakı “Alman aptekləri” özlərində olan dərmanların daha keyfiyyətli olduğunu bildirir. Burada satılan dərmanların keyfiyyətinin də necə olduğu şübhəlidir. “Alman aptekləri” Azərbaycan qanunlarına tabe olmalı, qiymətləri dövlət tərəfindən tənzimlənməlidir”.

Qeyd edək ki, Tarif Şurasının yeni qərarına əsasən, Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.