Birbank kartı olan bir çox müştəriyə 27 noyabrdan etibarən Kapital Bank bankomatlarından nağdlaşdırma və digər bank kartlarına köçürmələrdə 1% komissiya tutulacağı barədə SMS göndərilib. Bank məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Kapital Bank bildirir ki, nağdlaşdırma və digər yerli bank kartına köçürmə əməliyyatları üzrə komissiyasız aylıq limit hər bir müştərinin maliyyə davranışına uyğun olaraq fərdi şəkildə müəyyən edilir. 27.11.2025-ci ildən etibarən bəzi müştəri qrupları üçün Birbank bankomatlarından nağdlaşdırma və Birbank kartlarından ölkədaxili digər bank kartlarına köçürmələr üzrə komissiyasız limit ləğv ediləcək.
Yeni qaydalara əsasən, bu əməliyyatlara 1% komissiya (minimum 1 AZN/USD/EUR) tətbiq olunacaq.
Bank əlavə edib ki, Birbank kartlarından şəxsi vəsaitin digər Birbank (Kapital Bank) kartına köçürülməsi zamanı komissiya tutulmur.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bankın tətbiq etdiyi komissiya “prinsipcə normaldır”.

“Bank təsdiq edir ki, Birbank-dan Birbank-a şəxsi vəsait köçürüləndə komissiya tutulmur. Ancaq nağdlaşdırma və ya başqa banka köçürmə zamanı komissiyanın olması normaldır. Çünki hər bir bank üçün nağd pulun təminatı xərclidir — bank mərkəzi bankdan pulu komissiya ilə alır. Digər banklara köçürmədə də bankın əlavə xərci yaranır, qazanc əldə etməsi təbiidir”.
Əkrəm Həsənov onu da əlavə edib ki, əvvəllər bu xidmətlərin komissiyasız olması daha çox müştəriləri cəlb etmək məqsədi daşıyıb:
“İndi isə banklar mümkün olan bütün xidmətlərdən gəlir əldə etməyə çalışırlar”.
Aynurə İsmayıl












