Bu yaxınlarda məlum oldu ki, İsveçrə Çinin Ukrayna ilə bağlı “sülh planını” dəstəkləyib. Lakin indi ölkə rəsmiləri bildirirlər ki, İsveçrə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri ilə bağlı mövqeyini dəyişməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçrənin Ukraynadakı səfiri Feliks Baumann “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsveçrə ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Çin və Braziliya arasında keçirilən görüşdən sonra heç bir kommünikeyə qoşulmayıb və imza atmayıb.
“İkincisi, biz görüşdə idik, lakin müşahidəçi qismində idik və üçüncü vacib məqam: İsveçrə öz mövqeyini dəyişmədi”, – Baumann qeyd edib.
Diplomat vurğulayıb ki, İsveçrə Ukraynaya qarşı istənilən “sülh təşəbbüsü” beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, eləcə də Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam hörmətlə yanaşmalıdır.
Eyni zamanda, İsveçrə hesab edir ki, “böyük iztirablara və tələfatlara səbəb olan müharibə zamanı sülhdən danışmaq vacibdir”.
“Məhz bu mövqeyə uyğun olaraq İsveçrə Xarici İşlər Nazirliyi Çin və Braziliya tərəflərinin təşəbbüsü ilə keçirilən görüşdə müşahidəçi qismində iştirak etmək qərarına gəlib”, – səfir izah edib.