Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş verən insident Azərbaycan ictimaiyyətində geniş müzakirə predmetinə çevrildi.
Belə ki, sosial şəbəkələrdə və media platformalarında müzakirə olunan əsas məqamlardan biri də Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin təxribat xarakterli suallara verdikləri təmkinli və sərrast cavablar olsa da, diqqətdən yayınmayan digər mühüm detal Prezidentin Təhlükəsizlik Xidmətinin davranışı olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı jurnalist Emin Hüseynov gərginlik yaradaraq mühafizəçiləri emosional reaksiyaya sövq etməyə çalışsa da, müşahidə olunan mənzərə tam əks effekt verdi. Təhlükəsizlik protokoluna uyğun şəkildə fəaliyyət göstərən komanda situasiyanı soyuqqanlılıqla idarə etməyi bacardı. Xüsusilə Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərov hadisələr zamanı prosesi şəxsən nəzarətdə saxlayaraq, operativ koordinasiya nümayiş etdirdi.
View this post on Instagram
Videogörüntülərdən də aydın olur ki, o, vəziyyətin eskalasiya həddinə çatmasına imkan vermədən, xüsusi rabitə vasitəsilə əməkdaşlara dəqiq tapşırıqlar ötürür və təhlükəsizliyin qorunmasını təmin edir.
Görünən odur ki, peşəkar mühafizə davranışının əsas xüsusiyyəti fiziki müdaxilədən mümkün qədər yayınmaq, lakin eyni zamanda, təhlükəsizlik tədbirlərini yerinə yetirməkdir ki, sözügedən məqamda məhz bu prinsipin tətbiq olunduğunu müşahidə etdik.
Eyni yanaşma Birinci vitse-prezidentlə bağlı səhnədə də özünü göstərdi. Mühafizə əməkdaşları situasiyanı hüquqi və etik çərçivədə saxlayaraq, fiziki təmasdan yayınmaqla təhlükəsiz məsafəni təmin etdilər.
Beləliklə, bu hadisə göstərdi ki, beynəlxalq platformalarda dövlət rəhbərliyinin təhlükəsizliyinin təmin olunması yalnız fiziki mühafizə deyil, həm də psixoloji dayanıqlılıq, çevik qərarvermə və koordinasiya tələb edir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu fəaliyyətin peşəkarlıqla təmin olunmasına hamılıqla şahid olduq./oxu.az/













