Azərbaycan kənd təsərrüfatında yaranmış problemlər yalnız pambıq şirkətləri və dövlət qurumları ilə məhdudlaşmır. Bu sahədə fermerləri narahat edən digər ciddi məsələ bank sistemində tətbiq olunan əsassız tutulmalardır. Xüsusilə də TuranBank OJSC tərəfindən fermerlərin hesabından vəsait çıxarılarkən tutulan 1 faiz komissiya kənd təsərrüfatı ilə məşğul olan minlərlə insanın haqlı narazılığına səbəb olur.
Məlumdur ki, Azərbaycan dövləti kənd təsərrüfatını prioritet sahə elan edib. Bu sahədə çalışan fermerlər vergi güzəştlərindən yararlanır, torpaq vergisi istisna olmaqla bir çox vergilərdən azaddır, subsidiyalar alır, güzəştli kreditlərdən istifadə edir. Məqsəd kəndlinin yükünü azaltmaq, istehsalı artırmaq, ərzaq təhlükəsizliyini möhkəmləndirməkdir. Dövlətin siyasəti açıq şəkildə göstərir ki, fermerin qazancı qorunmalı, onun maliyyə imkanları zəiflədilməməlidir.
Ancaq reallıqda bu siyasət bank sistemində tam əksinə işləyir. Fermer dövlət tərəfindən verilən subsidiyanı, məhsul pulunu və ya digər ödənişləri bank kartı vasitəsilə əldə edərkən, Turanbank tərəfindən həmin məbləğin 1 faizi tutulur. Bu vəsaitin çıxarılması zamanı “komissiya haqqı” adı altında həyata keçirilir. Nəticədə fermerin onsuz da gecikən, azalan qazancından əlavə bir hissə də bank tərəfindən mənimsənilir.
Ən ciddi problem isə odur ki, bu tutulmanın hüquqi və iqtisadi əsasları fermerlərə izah edilmir. Bank əməkdaşları çox zaman “sistem belədir”, “mərkəzdən gələn qaydadır” kimi ümumi cavablarla kifayətlənir. Rəsmi, şəffaf və hüquqi əsaslandırılmış izah verilmir. Halbuki söhbət minlərlə vətəndaşın haqqından gedir və bu vəsait dövlət dəstəyi ilə verilən pullardır.
Qanunvericiliyə əsasən, kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən ayrılan subsidiyalar və bir sıra ödənişlər sosial-iqtisadi dəstək xarakteri daşıyır. Bu vəsaitlər fermerin istehsal xərclərini azaltmaq üçün nəzərdə tutulub. Bank tərəfindən bu məbləğdən komissiya tutulması faktiki olaraq dövlət dəstəyinin bir hissəsinin dolayı yolla bank sektoruna yönəldilməsi deməkdir. Bu isə dövlət siyasətinin ruhuna ziddir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bu məsələni şərh edərkən bildirib ki, bankların belə komissiyalar tətbiq etməsi hüquqi baxımdan ciddi suallar yaradır:
“Əgər söhbət dövlət vəsaitindən gedirsə və bu vəsait sosial-iqtisadi məqsədlər üçün ayrılıbsa, bankın bundan pay götürməsi normal deyil. Bank xidmət göstərirsə, bu xidmətin haqqı dövlət tərəfindən ödənilməli, fermerin cibindən çıxmamalıdır. Əks halda, bu, dolayısı ilə gizli vergi mexanizminə çevrilir”.
Mütəxəssisin fikrincə, bankların 1 faiz komissiya tətbiq etməsinin əsas səbəbi gəlir əldə etməkdir:
“Çünki kənd təsərrüfatı sektorunda dövriyyə böyükdür. Minlərlə fermer hər ay subsidiya, məhsul pulu və digər ödənişlər alır. Bu məbləğlərdən 1 faiz tutulması bank üçün milyonlarla manat əlavə gəlir deməkdir. Yəni söhbət texniki xərclərdən yox, sistemli qazanc modelindən gedir.
Bəzi hallarda banklar bu komissiyanı “nağdlaşdırma haqqı”, “xidmət haqqı” və ya “əməliyyat xərci” kimi təqdim edirlər. Lakin müasir bank sistemində kartdan vəsait çıxarılması minimal xərc tələb edir. Üstəlik, fermerlərin böyük hissəsi bu banklara könüllü şəkildə yox, dövlət proqramları çərçivəsində yönləndirilir. Yəni onların seçim azadlığı da məhduddur”.
Bu məsələdə tənzimləyici qurumların mövqeyi də ciddi suallar doğurur. Azərbaycan Mərkəzi Bankı bank sektoruna nəzarət edən əsas qurumdur. Mərkəzi Bank kommersiya banklarının tarif siyasətinə, sosial yönümlü layihələrdə iştirakına və vətəndaşların hüquqlarının qorunmasına nəzarət etməlidir. Lakin görünən odur ki, fermerlərdən tutulan bu komissiya məsələsində effektiv müdaxilə yoxdur.
Nəticədə yaranan mənzərə belədir: dövlət fermerə kömək etmək üçün vəsait ayırır, bank isə həmin vəsaitdən pay götürür. Fermer isə həm şirkətlərin gecikməsindən, həm bazar qiymətlərindən, həm də bank komissiyalarından zərər çəkir. Bu, kəndlinin maliyyə baxımından tam sıxışdırılması deməkdir.
Bir çox fermerlər bildirir ki, aldıqları subsidiya və ya məhsul pulunun bir hissəsi bank tərəfindən tutulduğuna görə real gəlirləri gözlədiklərindən xeyli az olur. Bu isə yeni mövsümə hazırlığı çətinləşdirir, borclanmanı artırır, kənd təsərrüfatına marağı azaldır. Uzunmüddətli perspektivdə isə bu, istehsalın azalmasına və kənddən şəhərə köçün sürətlənməsinə səbəb ola bilər.
Ən narahatedici məqam isə şəffaflığın olmamasıdır. “TuranBank” bu 1 faizin konkret olaraq hansı xidmətə görə tutulduğunu, hansı normativ sənədə əsaslandığını və niyə məhz fermerlərə tətbiq edildiyini açıq şəkildə izah etmir. Halbuki bu məlumatlar ictimaiyyətə təqdim edilməli, rəsmi açıqlama verilməlidir.
Əgər bu komissiya qanuni əsaslara söykənirsə, onun hüquqi sənədi, qərarı və izahı dərc olunmalıdır. Əgər belə əsas yoxdursa, bu tutulmalar dərhal dayandırılmalı və fermerlərə dəymiş zərər kompensasiya edilməlidir.
Bu məsələ təkcə bir bankın problemi deyil. Bu, dövlətin kənd təsərrüfatı siyasətinə olan inamın sınağıdır. Fermer görməlidir ki, ona verilən dəstək realdır, formal deyil. Əks halda “dəstək” adı altında verilən vəsaitlər bankların gəlir mənbəyinə çevriləcək, kəndli isə yenə də itirən tərəf olacaq.
Bu səbəbdən “TuranBank”, Mərkəzi Bank və aidiyyəti dövlət qurumları bu məsələyə aydınlıq gətirməli, ictimaiyyətə rəsmi izah verməli, fermerlərin maraqlarını qoruyan mexanizm yaratmalıdır. Kənd təsərrüfatı yalnız sahədə deyil, maliyyə sistemində də ədalətli münasibət tələb edir. Əks halda kəndlinin dövlətə və sistemə olan inamı getdikcə zəifləyəcək.
Əli Səfərli,
NOCOMMENT.az









