Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti “İnnova İnşaat” MMC ilə tikinti müqaviləsi bağlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 1.843.803,66 manat məbləğindədir.
Müqaviləyə əsasən, 2025-ci ilin 15-16 avqust tarixlərində respublika ərazisində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi nəzərdə tutulur.
Bildirək ki, bu müqavilənin qalibi olan “İnnova İnşaat” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Elmar Həsənli Azər oğludur.
Cəmi 10 manatlıq kapitala malik bir şirkətin dövlət tərəfindən 1.8 milyon manatlıq iri həcmli tikinti layihəsinə cəlb olunması necə mümkündür? Bu vəziyyət şəffaflıq və səmərəlilik prinsiplərinə uyğun gəlirmi? Təkcə vəsaitin həcmi deyil, həm də təbii fəlakət nəticəsində zərər çəkmiş vətəndaşların yaşayış şəraitinin bərpası üçün ayrılan vəsaitin hansı meyarlarla belə bir şirkətə verilməsi diqqət çəkir.
Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi isə Cəbrayıl Eldar oğlu Xanlarovdur.