Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasından 33 il ötür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da 71 il Sovet İttifaqının tərkibində qalan Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Düzdür, müstəqilliyin ilk illərində xeyli çətinliklərlə üzləşildi. Amma xalqımız ümidini üzmədi və xalqın tələıbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev güclü Azərbaycanın inşasına başladı. Nəticə isə göz qabağındadır. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan darmadağın edildi. İndi Azərbaycanın üçrəngli bayrağı Xankəndidə dalğalanır.
Bu tarixi zəfərin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri var və məhz bu qələbə Cənab Prezidentin adı ilə bağlıdır. Müstəqilliyin bərpasının 33-cü ilində bəzi məqamlar yada düşür və geriyə boylanıb-baxanda Azərbaycanın çətin sınaqlardan keçdiyi xatırlanır. 1991-ci ildə tarixi şərait yetişən anda Azərbaycanın müstəqillik aktının qəbuluna səs verənlərdən biri də Firudin Cəlilov idi.
NOCOMMENT.az xəbər verir ki, həmsöhbətimiz KONKRET.az-a açıqlamasında o illəri belə xatırladı:
“Biz müstəqillik aktını qəbul edəndə orada yazmışdıq ki, yeni qurulacaq Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikasının varisidir. Yəni yeni müstəqil dövlət əslində bərpa dövlətidir. Ona görə də müstəqillik aktı qəbul olunandan sonra ADR-in atributlarını çağdaş dönəmə uyğunlaşdırıb qəbul etməliydik. Və onları da etdik. Həmin atributları qəbul edən komissiyanın sədri də mən idim. Onların hamısı əlimdən gəlib keçib.
Müstəqillik aktında qeyd olunub ki, ölkənin adı Azərbaycan, millətin adı türkdür. Bunlar o vaxt, yəni 1918-ci ildə qəbul olunub, biz də onları bərpa etmişik. Amma bir neçə il sonra dilin adı dəyişdi və Azərbaycan dili adlandırıldı. Qəbul edilən akta uyğun dövlət qurub təkimləşdirməliydik və o istiqamətdə də işlər gedirdi. İslahatlar aparılırdı, yeni qurumlar yaranırdı. İndi müstəqillik aktının qəbulundan 33 il keçib və dövlət strukturları tam oturuşub, hər şey öz yerini tapıb. Buna baxmayaraq, bəzi məsələlər gündəmə gətirilməlidir, müzakirə olunmalıdır. Səhvlərin buraxılması, düzgün addım atılması barədə məsələlər mətbuatda işıqlandırılmalıdır”.
Müstəqilliyin ilk illərində ölkəmizə qarşı aparılan hərbi-siyasi təzyiqlər nəticəsində Azərbaycan ciddi problemlərlə üz-üzə qaldı. Ermənilərdən vasitə kimi istifadə edən qüvvələr həm də yeni qurulan dövlətə qısqanclıqla yanaşırdılar: “Tək qısqanclıq söhbəti deyildi. Azərbaycan bir türk dövləti olduğu üçün bir çox böyük dövlətlərin gözünə tikan kimi batırdı. Çünki bu, təkcə Azərbaycana aid deyil, bütün türk xalqlarına olan münasibətdir. Nəzərə alın ki, 100 il qabaq Osmanlı dövlətini çökdürdülər. Amma Allaha şükür olsun ki, onun yerində sağlam Türkiyə Cümhuriyyəti yarandı. Azərbaycan 1828-ci ildə iki yerə bölündü. Bunlar hamısı türk toplumuna qarşı olan münasibətin nəticəsidir. Bu münasibətdə də həmişə erməniləri kukla kimi əllərində oynadıblar. Onları irəli verməklə, Azərbaycan torpaqlarında ayrıca respublika yaratmaq istəyirdilər. Müstəqilliyin ilk vaxtlarında torpaqlarımızın əldən getməsi yeni qurulan dövlətin ordusunun olmaması, maddi imkanların məhdudluğu, tez-tez baş verən hakimiyyət dəyişikliyi ilə bağlı idi.İndi şükürlər olsun ki, Azərbaycan qələbə qazanıb, Qarabağ azad edilib və öz ərazilərimizdə suverenliyimizi tam bərpa etmişik. Müstəqillik gününə bundan yaxşı töhfə ola bilməz”.