Formal quruma çevrilən bələdiyyələr – Çıxış yolu nədir?backend

Formal quruma çevrilən bələdiyyələr – Çıxış yolu nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bələdiyyələr küncə sıxılmış vəziyyətdədir. Onların sadəcə adı var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspertin sözlərinə görə, bələdiyyələr yarananda onlara verilən səlahiyyətlərin sayı daha çox idi:

“Baxmayaraq ki, 1999-cu ildən bələdiyyələrin fəaliyyətinə start verilib, amma fəaliyyətə başladıqları dövrdən səlahiyyətləri məhdudlaşdırıla-məhdudlaşdıra gedir. Mən özüm Beyləqan rayonunda 3 il bələdiyyə sədri işləmişəm, sonra isə istefa vermişəm. Başa düşdüm ki, mənasız bir şeydir. Bələdiyyə fəaliyyəti mənasız bir işdir, onun nə səlahiyyəti var, nə də imkanları. Hamısı məhdudlaşdırılıb”.

Akif Nəsirli deyib ki, bələdiyyələrin gəlirlərinin artırılması üçün onlara səlahiyyət vermək lazımdır:

“Yaşayış məntəqəsi ərazisində nə qədər sahibkarlıq, ümumiyyətlə, xidmət fəaliyyəti var, hamısını bələdiyyələrin ixtiyarına vermək lazımdır. Kənd və şəhərlərdə bələdiyyənin kommersiya fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Bələdiyyə özü üçün xəstəxana, uşaq bağçaları, ərazidə şadlıq sarayları, mərasim evləri təşkil edə bilər. Kifayət qədər xidmət sahələri var ki, onların yaradılmasına və fəaliyyətinə imkan verməlidir. Bələdiyyə də həmin xidmətləri göstərib, həm əhaliyə xidmət etməli, həm də xidmətin haqqı olaraq xərcləri ödənməlidir”.

Akif Nəsirlinin fikirincə, bu şəraitlərlə bələdiyyələr yaradılsa, onlar balanslarında olan torpağı satmaqla gəlir əldə etməz:

“Həmin torpağın üzərində iqtisadi fəaliyyəti götürüb oradan pul qazanmağa daha çox üstünlük verər. Amma bütün səlahiyyətlər onlardan alınıb, məhdudlaşdırılıb, yalnız dövlətdən gələn dotasiyadan, vergilərdən büdcə formalaşır. İmkan yaratmaq lazımdır ki, bələdiyyə mülkiyyəti formalaşsın. Bu baş tutandan sonra bələdiyyənin gəlirləri də çoxalacaq, onun xidmətlərinin keyfiyyəti də artacaq”.