Formula 1 zamanı ərazidəki məktəblər bağlanacaq? – Agentlikdən CAVABbackend

Formula 1 zamanı ərazidəki məktəblər bağlanacaq? – Agentlikdən CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Qeyd edək ki, Bakıda hər zaman Formula 1 yarışları tədris zamanı ilə üst-üstə düşdükdə, yarışın keçirildiyi əraziyə yaxın bütün orta məktəblər bağlanırdı. Koronavirus pandemiyası zamanında (distant) onlayn təhsil məsələsi gündəmə gəldiyi üçün bundan sonrakı zamanlarda Formula 1 yarışları keçirilərkən həmin ərazidəki məktəblər bağlanaraq müəyyən olunmuş müddətdə onlayn dərslər keçirilirdi.

Bu il Azərbaycanda tədris ilinin başlandığı gün – 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün dərslər sentyabrın 16-da başlayacaq. Formula 1 yarışlarının keçidildiyi ərazidə hərəkət sentyabrın 17-də bərpa ediləcəyi üçün 16 sentyabrda həmin məktəblərin açıq olub-olmayacağı sual doğurur.

NOCOMMENT.az xəbər verir ki, Redaktor.az-ın bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığı sorğuya qurumdan aşağıdakı cavabı verdilər:

“Bütün dövlət ümumtəhsil müəssisələri üçün yeni tədris ilinə hazırlıq ənənəvi olaraq davam edir”.

Lakin agentliyin bu qısa cavabından məhz həmin məktəblərdə tədrisin nə vaxt başlayacağı aydın olmadı.

Qeyd etmək lazımdır ki, sözügedən ərazidə bir neçə məktəb fəaliyyət göstərməkdədir. Onların siyahısını təqdim edirik:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.