Fransa Rusiyanın Baltik dənizi səmasında olan Fransa kəşfiyyat təyyarəsini hədəf almasını aqressiv və qəbuledilməz hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Çərşənbədən cümə axşamına keçən gecə Fransanın dəniz kəşfiyyat təyyarəsi Atlantique 2 Rusiyadan bizi qorxutmaq cəhdinə məruz qaldı. O, NATO-nun əməliyyatı çərçivəsində Baltik dənizi üzərində beynəlxalq hava məkanında patrul edirdi və S-400 hava hücumundan müdafiə sisteminin istiqamətləndirici radarı tərəfindən aşkarlanıb ”, – deyə o yazıb.
Nazir aydınlaşdırıb ki, Fransa ordusu beynəlxalq hava və dəniz məkanlarında naviqasiya azadlığını müdafiə etməyə davam edəcək.
Bundan əvvəl məlum olub ki, Fransanın baş naziri Fransua Bayru hökumətinə ilk etimadsızlıq səsverməsi baş tutmayıb. Marin Le Penin başçılıq etdiyi sağçı Milli Ralli solçu qüvvələrin başlatdığı və kifayət qədər səs toplamağa imkan verməyən etimadsızlıq səsverməsinin əleyhinə səs verib.