Fransada baş nazirin istefasından sonra Makronun istefası tələb olunurbackend

Fransada baş nazirin istefasından sonra Makronun istefası tələb olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransada ultra-sol “Müqavimətçi Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon baş nazir Sebastyan Lekornünün istefasından sonra prezident Emmanuel Makronun impiçment məsələsinin “dərhal” gündəmə gətirilməsini tələb edib.
NOCOMMENT.az  xəbər verir ki, bu barədə Melanşon “X” hesabında yazıb.
Bazar ertəsi səhər məlum olub ki, Lekornu prezident Makrona istefa ərizəsini təqdim edib. O, bu vəzifədə cəmi 27 gün çalışaraq Fransa tarixində ən qısa müddət baş nazir olan şəxs kimi yadda qalıb.
“Sebastyan Lekornünün istefasından sonra biz 104 deputatın imzaladığı Makronun vəzifədən uzaqlaşdırılması təklifinin dərhal müzakirəyə çıxarılmasını tələb edirik”, – deyə Melanşon bildirib.
Bu çağırışa Respublika Partiyasının sədr müavini David Lisnar da qoşulub. O, “X” hesabında yazıb ki, prezident Makron “hakimiyyət institutlarını qorumaq və parlamentin mənasız buraxılmasından sonra yaranmış qaçılmaz vəziyyətdən çıxmaq üçün” istefa verməlidir.
“Bu vəziyyətə görə əsas məsuliyyət onun üzərindədir… Təhlükə altında olan Beşinci Respublika və ölkəmizin gələcəyidir”, – Lisnar əlavə edib.
Eyni zamanda Fransanın ultrasağ lideri Jordan Bardella Lekornünün gözlənilməz istefasından sonra parlamentin buraxılmasını və növbədənkənar seçkilərin elan edilməsini tələb edib.
Xatırladaq ki, Lekornu 5 oktyabr axşamı yeni hökumətin tərkibini tamamlasa da, hökumət dərhal etimadsızlıq səsi ilə hədələnib. Müdafiə naziri vəzifəsindən gələn Lekornu, Fransua Bayrunun məcburi istefasından sonra baş nazir postuna təyin edilmişdi. Lakin əksər fransızlar onun əvvəlki baş nazirin bacarmadığı əsas məsələni — parlament fraksiyaları ilə büdcə kompromisini tapmaq və etimadsızlıq səsini önləmək — həll edə biləcəyinə inanmırdılar.