Fransa Prezidenti Emmanuel Makron 48 saat ərzində yeni baş nazir təyin etməyi planlaşdırır. Hökumət böhranı respublikanın tarixində görünməmiş siyasi hadisə sayılır. Dövlət başçısı da hökumət başçısının istefasından sonra hələ ki açıqlama verməyib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, istefa vermiş baş nazir Sebastian Lekornyu bildirib: “Prezidentə dedim ki, parlamentin buraxılması perspektivi azalır. Fikrimcə, vəziyyət prezidentə 48 saat ərzində baş naziri təyin etməyə imkan verir”.
Onun sözlərinə görə, deputatların çoxu parlamentin buraxılmasına qarşıdır.
Sebastian Lekornyu sentyabrın 9-da bu vəzifəyə təyin edilmişdi. Müxalifət təqdim etdiyi Nazirlər Kabinetinin tərkibini tənqid etdiyi üçün onun istefa verdiyi deyilir. Lekornyu 2017-ci ildə Emmanuel Makronun hakimiyyətə gəldiyi vaxtdan etibarən Fransanın yeddinci baş naziri olub. Bu vəzifədə isə 27 gün qalıb. Bu, Beşinci Respublika tarixində (1958-ci ildən bəri) ən qısa baş nazir müddətidir.
Makronun prezidentliyinin birinci müddətində 2017-2022-ci illərdə iki baş nazir olub – Eduar Filipp və Jan Kasteksin. E. Filipp 3 il bir ay 18 gün hökumət başçısı olduqdan sonra Havr şəhərinin meri kimi fəaliyyətini davam etdirmək istədiyi üçün istefa verib, onu Jan Kasteks əvəzləmişdi. O, bu vəzifədə bir il 10 ay 13 gün işləyib, prezident seçkisindən sonra vəzifəsinin tərk etmişdi.
Hər iki baş nazir indiki prezidentin komandasından olub. Bundan başqa 2017-ci ildə keçirilmiş parlament seçkilərində onun başçılıq etdiyi blok Aşağı Palatadakı (Milli Assambleya) 577 yerdən 350-ni qazanmaqla hökuməti təkbaşına formalaşadırmağa nail olmuşdu.
Qeyd edək ki, Fransa parlamenti ikipalatalıdır: Yuxarı Palata (Senat) 348 senator, Aşağı Palata (Milli Assambleya) 577 deputat.
Prezidentin hökumətlə bağlı problemi 2022-ci ildən başlayıb. 2022-2023-cü illərdə Elizabet Born (baş nazir olaraq 1 il 7 ay və 23 gün vəzifədə qalıb), 2024-cü ildə Qabriel Attal və Mişel Barnye ( Attal 189 gün hökumət başçısı olub. Barnye isə bu vəzifədə cəmi 90 gün işləyib), 2024-2025-ci illərdə Fransua Bayru hökumətə başçılıq edib və 270 gündən sonra istefa verib. 2025-ci il sentyabrın 9-da Lekornyu bu vəzifəyə təyin olunub, oktyabrın 6-da istefaya gedib.
Makronun prezidentliyinin ikinci müddətində parlamentə iki dəfə seçkilər keçirilib. Bu, siyasi kampaniyada heç bir blok və partiya səslərin yarısından çoxunu qazanmayıb. Makronun “Birlikdə” bloku 245 yer əldə etmişdi. Ona mütləq çoxluq üçün 44 yer çatmamışdı. Heç bir alyans çoxluq qazanmadığından, bu, 1988-ci ildən bəri ilk dəfə olaraq asılı parlamentin formalaşmasına səbəb olmuşdu.
Fransa liderinin bu seçkilərdə uğursuzluğu həm də Avropa Parlamentində partiyasının yer itkisi demək idi. Ona görə də 2024-cü ilin payızında parlamenti buraxdı və növbədənkənar seçkilər keçirildi.
Bu seçkilərdə onun alyansı ötən kampaniyanın nəticəsi ilə müqayisədə daha az, 161 yer qazanmaqla parlamentdə koalisiya yaratmağa məcbur olmuşdu.
Deməli, Fransada hökumət böhranın əsas səbəbi iqtisadi və sosial islahatlar, büdcə, borclar və başqa məsələlər deyil, hakim partiyanın parlamentində mütləq çoxluq təşkil etməməsidir.
Müxalifət hesab edir ki, prezidentin əsas problemi hakimiyyəti bölüşmək istəməməsidir. Mütəxəssislərin qənaətincə, fransız siyasətində “birgəyaşayış” (“cohabitation”) termini var. Bu, prezident və baş nazir müxtəlif partiyaları təmsil edəndə istifadə olunur. Belə şəraitdə prezident çoxluğa arxalana bilmir və nəticədə hökumətlə “birgəyaşayış”a razılıq verir.
Bildirilib ki, Sosialist Partiyasının lideri keçmiş prezident Fransua Mitteran müxtəlif vaxtlarda Şarl de Qoll xəttinin davamçılarından Jak Şirak və Eduar Balladürlə “birgəyaşayışı” qəbul etməyə məcbur olub. Jak Şirak isə prezident olduqdan sonra sosialist Lionel Jospenlə belə “yaşamağı” qəbul etmişdi.
Makron isə parlamentdə azlıqda qaldığı üçün bu prinsipə əməl etməkdənsə istefa ənənəsini davam etdirdi. Ancaq 2024-cü ildəki növbədənkənar seçkilərdən sonra birinci yeri tutan sol partiyalar “birgəyaşayış”a ümid edirdilər.
İndi belə bir sıra siyasi təşkilatlar bu şəkildə fəaliyyət göstərməyə üstünlük verir. Sol qüvvələr son günlərdə baş nazir postundan başqa heç bir vəzifə istəmədiklərini bildirirlər.
Hazırda sağ radikal müxalifət hesab edir ki, Makron parlamenti buraxmalı, yeni seçkilərin keçirilməsinə fərman verməlidir. Solçular Jordan Bardella və Marin Le Penin partiyası bütün sorğularda inamlı şəkildə liderlik edir.
Ölkədəki sabit olmayan siyasi şərait fonunda Makronun reytinqi aşağı düşüb. “Les Echos” qəzetinin sifarişi ilə “Elabe” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də bunu təsdiq edir. Bildirilib ki, respondentlərin yalnız 14 faizi ölkənin üzləşdiyi problemləri prezidentin effektiv həll edəcəyinə inanır. Bu, bir ay əvvəlki nəticə ilə müqayisədə üç faiz azdır. Makronun etimad reytinqi son iki ayda 7 faiz, 2025-ci ilin martından isə 13 faiz bəndi aşağı düşüb. Bununla o, 2016-cı ilin noyabrında ovaxtkı prezident Fransua Ollandın 14 faizli etimad reytinqini təkrarlayıb.
Ümumilikdə respondentlərin 82 faizi Fransanın hazırkı prezidentinə etimadının olmadığını, 59 faizi isə ona “qətiyyən etibar etmədiyini” bildirib.
Belə bir şəraitdə Makronun istefası məsələsi də gündəliyə gəlir. Jan-Lük Melanşonun ultrasol “Təslim olmayan Fransa”sı Makronun dərhal istefasını tələb edir və böhranın bütün məsuliyyətini ona yükləyir.
Məsələn, Makronun prezidentliyi dövründə ilk baş nazir olmuş Eduar Filipp “təxirə salınmış istefa” təklifi ilə çıxış edib. Onun planı belədir: Makron baş nazir təyin edir, o, cari işlər və büdcənin qəbuluna nail olur. Filippin qənaətincə, büdcə qəbulundan sonra Makron istefa verəcəyini açıqlayır.
Yeri gəlmişkən, müşahidəçilər hesab edir ki, ölkə Konstitusiyasında “təxirə salınmış istefa”ya dair bir söz də yoxdur. Beşinci respublika tarixində növbədənkənar prezident seçkiləri iki dəfə elan edilib: Şarl de Qollun istefasından (təxirə salınmış deyil, dərhal) və Jorj Pompidunun ölümündən sonra.
“Bir çox fransız kimi mən də prezidentin atdığı addımları başa düşmürəm”, – deyən keçmiş baş nazir Qabriel Attal da artıq Makronu müdafiə etmir.
Yaranmış vəziyyətdən çıxmaq üçün Fransanın indiki prezidentinin üç yolu var: “birgəyaşayış”a razılıq, parlamenti buraxmaq və istefa vermək.
Siyasi qüvvələr arasında münasibətlər, rəy sorğusu, tərəfdarları və keçmiş komanda üzvlərinin vəziyyətə münasibəti Makronun istefasının daha real olduğunu ehtimal etməyə əsas verir. Çünki Makronun hakimiyyəti bölüşmək istəməməsi “birgəyaşayış” prinsipinin uzun sürməyəcəyi qənaətinə gəlməyə əsas verir. Deputatlar isə parlamentin buraxılmasına qarşıdır. Onların razı salmadan prezidentin bu addımı atması ölkədə siyasi və ictimai vəziyyəti ağırlaşdırar.
Ötən üç ildə baş verənlər bu müddət ərzində Makron problemləri həll etməkdən çox, yenilərini yaradıb. Hökumət böhranı, baş nazirlərin tez-tez istefası, keçmiş müstəmləkə ərazilərdən Fransaya etirazlar, müttəfiqləri ilə münasibətlərdə gərginliklər və s. bunu təsdiqləyir. Odur ki, Makronun istefası yaranmış vəziyyətdən ən uğurlu çıxış yolu sayılır. Bu, Fransada yeni siyasi şəraiti yarada bilər. Belə görünür Beşinci Respublikanın hökumət böhranından çox Makron böhranı var. Ola bilsin Fransa tarixində böhran yaradan, dövlətin probleminə çevrilən prezident kimi də qalacaq. Onun vaxtından əvvəl Yelisey sarayı ilə vidalaşması ölkədə sabitlik yarada bilər…