Fransalı respondentlərin 54 faizi Makronun istefasını istəyibbackend

Fransalı respondentlərin 54 faizi Makronun istefasını istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa vətəndaşlarının 54 faizi 2025-ci ildə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırkı Prezident Emmanuel Makronun istefası fikrini dəstəkləyir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu “Le Point” nəşri üçün “Cluster17”nin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğu zamanı respondentlər bu yaxınlarda Baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu ilə bağlı fikirlərini də bildirməyə imkan tapıb. Rəyi soruşulanların 47 faizi Barnye hökumətinə etimadsızlıq votumunu dəstəkləyib, 41 faiz respondent bu qərarı dəstəkləməyib, qalan sorğu iştirakçıları isə cavab verməkdə çətinlik çəkib.

Xatırladaq ki, dünən – dekabrın 4-də Fransa parlamentinin aşağı palatası – Milli Assambleya solçu Yeni Xalq Cəbhəsi koalisiyasının təşəbbüsü ilə Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsi keçirib. 331 deputat etimadsızlığa səs verib. Votum üçün 288 səs lazım idi. Bununla da Baş nazir səlahiyyətlərini itirmiş olub.

Qeyd edək ki, Fransa tarixində hökumətə etimadsızlıq votumu ikinci dəfə keçirilib. İlk dəfə – 1962-ci ildə parlament Jorj Pompidu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasına səs vermişdi.

Maraqlıdır ki, Makron bütün bu olaylardan öncə Barnye hökumətinin etimadsızlıq səsverməsi nəticəsində hakimiyyəti itirəcəyi təqdirdə istefa verməyəcəyini demişdi. “Le Figaro” qeyd edir ki, Makronun istefası ilə bağlı çağırışlar əsasən solçu düşərgədən gəlir.