Gələcəyimiz necə qorunur?backend

Gələcəyimiz necə qorunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məktəblərdə təhlükəsizliyin təşkili ən önəmli məsələlərdən biridir. Ümumtəhsil müəssisələrində şagirdlərin hər hansı bir hadisə ilə üzləşməməsi ​ və onların təhlükəsizliyinin təmini üçün mühafizə xidmətinin olması vacibdir. Bu gün paytaxt məktəblərinin çoxunun giriş qapısında nəzarətçilər dayanır. Ancaq mühafizə işinin təşkili məktəbin giriş qapısına ​ nəzarətçinin qoyulması ilə bitmir. Bu iş bütün məktəb kompleksində təşkil ​ olunmalıdır. ​
 
Təhsil müəssisələrinin necə mühafizə olunduğunu müəyyən etmək üçün paytaxt məktəblərində apardığımız müşahidələr zamanı da, mühafizənin yalnız giriş qapısında dayanan nəzarətçi tərəfindən təmin olunduğunu gördük.​
NOCOMMENT xəbər verir ki, paytaxt məktəblərinin bir neçəsində apardığımız müşahidələr zamanı binaya girişdə mühafizə işi təşkil olunsa da, təhsil müəssisəsinin ərazisinə kənar şəxslərin girişinə məhdudiyyət qayulmadığının şahidi olduq. ​ Bəzi məktəblərin ​ çöl qapılarında mühafizə olmadığmdan istənilən şəxs təhsil müəssisəsinin həyətinə rahat şəkildə daxil ola bilər.
Şəhərin mərkəzi hissəsində isə məktəblərin daha yaxşı mühafizə olunduğunu müşahidə etdik. Burada məktəbin həm çöl həm də giriş qapısında nəzarətçi dayanmışdı. Məktəb ərazisinə kənar şəxslərin daxil olmasına icazə verilmirdı. Kiçik yaşlı uşaqları götürməyə gələn şəxslərin kimliyi müəllim ​ tərəfindən ciddi yoxlanılırdı. Bəzən məktəb rəhbərliyi də bu prosesə nəzarət edirdi.​
Ancaq şəhər ətrafı məktəblərdə bu məsələyə nisbətən səthi yanaşılır. Məkəbin ​ mühafizə işi xadimələrə həvalə olunur. ​ Onlar isə hansısa bir hadisə və yaxud da məktəbdaxili insidentin qarşısını almaq bacarığına malik deyillər. Qapıda dayanan xadimələr ancaq şagirdlərin dərs prosesində məktəbdən getmələrinin qarşısını ala bilirlər.​
Bəs məktəblərdə mühafizənin təşkili işi necə qurulmalıdır? Şagirdlərin təhlükəsizliyini kimlər təmin etməlidir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, məktəblərin mühafizəsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlib, müxtəlif mülahizələr səsləndirilib, fərqli təkliflər irəli sürülüb, sonradan unudulub:
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsindən sonra bütün orta məktəblərdə profilaktik tədbirlər görülməyə başladı. Daha sonra yenidən unuduldu. Hazırda da bu məsələ tam şəkildə həllini tapmayıb. O zaman Təhsil Nazirliyinin rəsmiləri təhlükəsizliyin təmin edilməsi üçün külli miqdarda vəsait tələb olunduğunu bəyan etmişdilər. Lakin təhlükəsizliyin tam təmin olunması üçün lazımi vəsait ayrılmadı. Düzdür Ali təhsil müəssisələrində bu məsələ daxili imkanlar hesabına həllini tapıb. Lakin orta təhsil müəssisələrində bu işin təşkili üçün maddi imkan yox idi. Yalnız paytaxtın mərkəzində bəzi məktəblərdə bu iş valideynlərin köməkliyi ilə həyata keçirilirdi. Digər məktəblərin təhlükəsizlik sistemində boşluqlar özünü göstərirdi. Yaşlı qadınlar qapıda dayanır, onlar da adətən texniki işçilər olurdu. Onları etibarlı mühafizə hesab etmək olmazdı. Bu gün də bəzi məktəblər var ki, onların əraziləri çox genişdir, məktəb rəhbərliyi isə yalnız daxili nəzarəti həyata keçirir. Ona görə də, məktəblərin həyəti yoldan keçənlərin, ətrafdakı sakinlərin “razborka” yerinə çevrilir”.​
Ekspertin sözlərinə görə, hazırda ölkə ərazisində 4500 civarında orta təhsil məktəbi, həmçinin, xeyli sayda məktəbəqədər təhsil müəssisəsi var. Onların hamısının təhlükəsizliyini təmin etmək böyük vəsait tələb olunur:
“İlk dəfə bu məsələ gündəmə gələndə, təhlükəsizlik üçün 6 milyon vəsait ayrılmışdı. Bu vəsait mərkəzdəki məktəblərə istifadə edildi. Bəzi məktəblərdə isə təhlükəsizlik əməkdaşları öz imkanları hesabına-valideynlərin köməyi ilə, yaxud, məktəb ərazisində hər hansı obyekti icarəyə verməklə təmin edilirdi. Lakin bu işlər də birmənalı qarşılanmırdı. Məktəbin pul yığmasını qanunsuz mənbələrdən pul əldə etmək kimi qələmə verilirdi”.
N.İsrafilov bildirib ki, hazırda dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlərin müəyyənləşdirilməsi Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etməli və bu barədə Prezidentə məlumat verməlidir:
“Qeyd edim ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlərin müəyyənləşdirilməsi barədə tələb “Ümumi təhsil haqqında” qanunda əksini tapıb. Nazirlik rəsmilərinin açıqlamalarına görə qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək, Məktəblərin mühafizəsi dövlət tərəfindən qorunacaq. Artıq, Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nı təsdiq edib. Bu qayda təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.Yeni qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir. Bununla belə bu günün özündə bir çox lisey və gimnaziyalarda, özəl və elit məktəblərdə mühafizə müqavilələr əsasında müxtəlif MMS-lər, ​ Daxili İşlər Nazirliyinin müvafiq Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir, əksər məktəblərdə isə hələ kı, bu vəzifəni ​ gecə ​ gözətçiləri və qapıçılar icra edir. Bəzi məktəblərdə bu məqsədlə kameralardan və məktəblinin dostlarının köməyindən yararlanırlar. Kameralar isə əsasən böyük məktəblərdə quraşdırılır, məktəblinin dostları ştatları da eynilə böyük məktəblərə ayrılır. Halbuki, “gözdən iraq, könüldən uzaq” xeyli sayda məktəblərimiz var”.
Təhsil Nazirliyindən isə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”na əsasən təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili müqavilə əsasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri ​ tərəfindən “həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.
Eyni zamanda təhsil sistemində “Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Almaniya, İtaliya, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə sınanıb, 2016-cı ildən Azərbaycanda da tətbiq olunan layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək olan “Məktəblinin dostu” layihəsi Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir, ​ 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə 400 əməkdaş çalışır. Məktəblinin dostunun əsas vəzifəsi isə məktəblinin təhlükəsizliyini qorumaqdır.​
“Məktəblinin dostu” layihəsinin İctimaiyyətlə əlaqələr üzrə (PR) meneceri Nərgiz Kərimovanın dediyinə görə, məktəblinin dostları əsasən alitəhsilli, gənc oğlan və qızlardan ibarətdir. “Məktəblinin dostu” olmaq üçün onlar bir neçə mərhələdən ibarət müsabiqəni uğurla keçdikdən sonra bu vəzifəyə təyin olunurlar.
Layihənin tətbiq olunduğu məktəblərdə məktəblinin dostları üçün xüsusi otaq ayrılıb. Onlardan biri daim otaqda olan monitor vasitəsilə dəhlizdə yerləşdirilən kameralar vasitəsi ilə şagirdləri nəzarətdə saxlayır. Bir an belə olsun gözlərini monitordan çəkmir. Digər iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində dolaşır. Uşaqları uzaqdan müşahidə edir və daim onlara nəzarət edirlər. Xüsusən də ibtidai sinifləri bir dəqiqə də nəzarətsiz qoymurlar. ​ Səhər saat 07:30-dan, məktəbdən ən son şagird çıxana kimi məktəblinin dostları iş başında olurlar. Məktəblinin dostları ​ kənar şəxslərin məktəbə daxil olmalarının ​ da qarşısını alır:
“Əsas məqsədimiz şagirdlərin məktəbdə təhlükəsiz şəraitdə təhsil almasına yardım etməkdir. ​ Gün ərzində onların məktəbdə təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Valideynlər tam olaraq məktəblinin dostuna güvənə bilərlər. Onların övladları əmin əllərdədir”.