Gələn il deputatların nə qədər maaş alacağı məlum oldu – TAM SİYAHIbackend

Gələn il deputatların nə qədər maaş alacağı məlum oldu – TAM SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu, “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu istiqamətə 5 milyon 382 min 624 manat ayrılıb və bu il üçün nəzərdə tutulan göstərici ilə eyni məbləğdə olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda millət vəkillərinin maaşı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir.

“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Eyni zamanda 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən 21-ci maddəyə “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar” bəndi əlavə olunub.

Qanunun 21-ci maddəsində qeyd olunanlar əsasən apardığımız hesablama göstərir ki, Milli Məclisin sədri ay ərzində 2475 manat vəzifə maaş, 2475 manat vəzifə maaşına əlavə və 1237,5 manat səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı alır. Nəticədə Milli Məclisin sədrinin ay ərzində aldığı vəzifə maaş, vəzifə maaşına əlavə və aylıq pul təminatının cəmi 6187,5 manat olur.

Bundan başqa apardığmız analoji hesablamaya əsasən Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat, Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat isə 4 min 331 manat 25 qəpik məbləğində maaş, əlavə və pul təminatı alır.

Yuxarıdakı rəqəmlərdən göründüyü kimi Azərbaycanda millət vəkillərinin aldıqları aylıq maaş, əlavə və digər pul təminatı 4 min 331 manata bərabərdir.