Bu gün Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, qəza Sumqayıt–Pirşağı (Novxanı–Pirşağı) avtomobil yolunda qeydə alınıb. Məlumata görə, hakim Aynur Rzayeva hərəkətdə olan Nissan markalı avtomobildə sərnişin qismində olub. Hadisə zamanı nəqliyyat vasitəsini onun sürücüsü idarə edib və avtomobil qarşıdan gələn “Azsamand” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Bildirilir ki, sürücü hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir. Hakim Aynur Rzayeva isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, orada həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən etibarən məhkəmə sistemində fəaliyyət göstərirdi.














