Gəncədə milyonları “udan” idman kompleksi – Müəmmalı tenderlərin izi ilə… – VİDEObackend

Gəncədə milyonları “udan” idman kompleksi – Müəmmalı tenderlərin izi ilə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə ümumi məbləği 18 750 000 AZN təşkil edən iki müqavilə imzalayıb.

NOCOMMENT.az Hit.az-a istinadən xəbər verir ki, müqavilələrin birində Gəncə şəhərində İdman Sarayının (9 400 000 AZN), digərində isə Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinin davam etdirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, ev 8, “Adore Plaza”, 3-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Cari oğludur.

MMC-nin hüquqi ünvanı bundan əvvəl Oğuz rayonu Oğuz şəhəri, Nəsimi küçəsi, ev 11-də yerləşib.

Araşdırmalarımız zamanı bəlli olub ki, Gəncə şəhər İcra Hakimiyyəti 2019-2020-ci illərdə də “Rövşən Oğuz Qrup” MMC ilə müqavilə imzalayıb. Bu müqavilələrdə də İdman Sarayının tikintisinin davam etdirlməsi nəzərdə tutulur. 2019-cu ildə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 4 000 000 AZN, 2020-ci ildə imzalanan müqavilənin maliyyə dəyəri isə 4 600 000 AZN təşkil edir. Beləliklə, məlum olur ki, artıq İdman Sarayının tikintisinin davam etdirilməsinə 8 600 000AZN sərf edilib. Lakin bu məbləğ yetməyib və icra hakimiyyəti 1 il sonra 9 400 000 AZN-lik yeni müqavilə imzalayıb.

Mediada yayılan məlumatlara görə, “Rövşən Oğuz Qrup” MMC-də çalışan Elçin İmamverdiyev adlı fəhlə ötən ilin iyununda İdman Sarayının tikintisi zamanı yıxılaraq xəsarət alıb. İnternet resurslarında bu olayı əks etdirən videogörüntü də yayılıb.

Görüntüyə baxanda aydın olur ki, adıçəkilən fəhlənin hündürlükdən yıxılmasına tikintiyə rəhbərlik edən şəxsin səhlənkarlığı səbəb olub. Buna baxmayaraq hadisə yerinə Təcili Tibbi Yardım Xidməti çağırılmayıb. Yalnız 40 dəqiqədən sonra əraziyə ağ rəngli “Cip” gəlir və xəsarət alan fəhlə iş yoldaşlarının köməyi ilə həmin avtomobilə mindirilir.

O da məlum olur ki, şirkət tikintidə təhlükəsizlik qaydalarına əməl etmir. Lakin MMC bu iddiaları təkzib edib. Şirkət hətta videogörüntüyə rəğmən Elçin İmamverdiyevin İdman Sarayının tikintisi zamanı yıxıldığını da danıb.

Maraqlı faktlardan biri də milyonluq layihələri qazanan şirkətin koronavirus pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almasıdır. Açıq mənbələrdə şirkətin dövlətdən hansı məbləğdə maliyyə yardımı alması barədə məlumat yoxdur.

MMC-nin qanuni təmsilçisi Hafiz Mustafayevə gəlincə, o,2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Bəzi iddialara görə, əsasən idman kompleksilərinin tikintisini həyata keçirən şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərov kurasiya edir.