Gəncənin deputatı: Bu terrorun Xocalıdakı qətliamdan fərqi yoxdurbackend

Gəncənin deputatı: Bu terrorun Xocalıdakı qətliamdan fərqi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncədə baş vermiş erməni vandalizmi və terroru insanlığa qarşı bir addımdır. Ermənilər hiyləgərdir, heç bir beynəlxalq hüquqa söykənmirlər və onların bu cinayəti Xocalıdakı terrordan fərqlənmir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Musavat.com-a Gəncənin deputatı Naqif Həmzəyev şəhərin ermənilərin raketlə yaşayış binasını vurması nəticəsində 7 nəfərin həlak olması, 33 nəfərin yaralanması haqda danışarkən bildirib.

Deputat qeyd edib ki, Gəncədə hazırda insanlar qəzəblidir və hər kəs qısa müddətdə torpaqlarımızın işğaldan tamamilə azad olunmasını tələb edir.

“Bununla belə Gəncədə hər kəsdə ruh yüksəkliyi var və panika, qorxu yaşanmır. Biz Ali Baş Komandanın nə zaman və nə edəcəyini bilirik, gəncəlilər dövlətin yanındadır”, – deyə N.Həmzəyev vurğulayıb.

Deputatın sözlərinə görə, indi yaralılara və həlak olanlara baş qarışıb, xilasetmə əməliyyatı davam edir:“Dualarımız yaralılaradır, ölənlərimizə Allahdan rəhmət diləyirik.

Ermənilər bütün dünya liderlərini və havadarlarını aldadırlar. Artıq dünya ictimaiyyəti onları durdurmalıdır. Onlar atəşkəsə bir dəqiqə belə əməl etmədilər.

Gəncədə heç bir hərbi əməliyyat getmədiyi və cəbhədən 60 kilometr aralıda olduğu halda dinc insanları hədəfə alırlar. Bu, erməni terrorudur, Xocalıdakı qətliamlardan heç bir fərqi yoxdur”.

Qeyd edək ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 mülki şəxs öldürülüb, 33 nəfər yaralanıb.