Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
NOCOMMENT.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ötən prosesdə olduğu kimi təqsirləndirilən Cəlal Kazımov müdafiə hüququndan imtina etdiyini bidirib.
O, dövlət tərəfindən təyin olunan vəkilə etiraz etsə də, hakim etirazı əsaslı saymayaraq təmin etməyib.
Hakim bildirib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində Cinayət Məcəlləsinin 62-ci maddəsini (sanksiya həddindən daha yüngül cəza təyin etmə) tətbiq edilməsini istəyib.
Təqsirləndirilən Vüsal Əlizadənin vəkili Fikrət İbrahimov məhkəməyə qismən istintaqın aparılması ilə bağlı vəsatət təqdim edib.
Daha sonra təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatət verərək qeyd edib ki, birinci instansiya məhkəməsində demək olar ki, heç bir vəsatəti təmin olunmayıb:
“Müvəkkilim Nizami Məmmədovun əmlaklarının üzərinə qoyulan həbs götürülsün. Sözügedən əmlaklar satılsın və həmin pullar ziyanın ödənilməsinə yönəldilsin”.
Vəkillər həmrəy şəkildə cinayət işinin qismən istintaqla aparılması ilə məhkəmə baxışına verilməsini xahiş ediblər.
Müşavirədən sonra məhkəmə vəsatətlərin təmin edilmədiyini elan edib və cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası martın 10-na təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub./APA