General həbsdən çıxmaq üçün yarım milyon verib?backend

General həbsdən çıxmaq üçün yarım milyon verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı yarım milyonluq dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılacaq. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

NOCOMMENT Azadlıq radiosuna istinadən xəbər verir ki, Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov bir müddət sonra “Mərkəz” Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.

Fotoda: Elçin Qəmbərov

Qəmbərov 2017-ci ildə hüquq müdafiəçisi Leyla Yunus haqqında “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabını çap etdirib. Kitabda vəkili olduğu L.Yunusun həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlayıb. O, hüquq müdafiəçisini dostlarına xəyanətdə suçlayıb.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ildə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib, 2015-ci ilin dekabrında isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Onlar daha sonra Niderlanda mühacirət ediblər.

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

Vəkillər Kollegiyasından “Azadlıq Radiosu”na bildirilib ki, Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: “Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

Məlumata görə, hazırda general Şıxəliyevin hüquqlarını müdafiə edən vəkil Arzu Cavadov da sözügedən cinayət işi üzrə istintaqa cəlb olunub. Vəkil Cavadov şahid qismində dindirilib. Qəmbərovun rəhbərliyi dövründə də “Mərkəz” Vəkil Bürosunda çalışan Cavadov indi də elə orada işləyir. Cavadovun həm də general Şıxəliyevin qohumu olduğu bildirilir.

Fotoda: Elçin Qəmbərovun oğlu Əli Qəmbərov

Qəmbərovun oğlu da vəkillik fəaliyyəti ilə məşğuldur. “Kredo” Vəkil Bürosunun üzvü olan Əli Qəmbərov hazırda həm də atasının vəkilidir.

Elçin Qəmbərovun ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.