“Georgi lenti”ndən istifadə edən məktəbin direktoru danışdı: Səhv etmişik…backend

“Georgi lenti”ndən istifadə edən məktəbin direktoru danışdı: Səhv etmişik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda 164 saylı orta məktəbdə 9 May – Qələbə Günü münasibətilə tədbir keçirilib. Tədbir zamanı şagirdlərin sinəsinə “Georgi lenti” taxılıb. Rusiyan imperiyasının simvollarından biri hesab edilən bu lentin istifadəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

NOCOMMENT.az xəbər verir ki, məktəbin direktoru Kəmalə Qədirova Teleqraf.com-a açıqlamasında bildirib ki, foto çəkdirilən zaman hadisədən xəbəri olmayıb.

Onun sözlərinə görə, məktəbdə İkinci dünya müharibəsinə həsr olunan tədbir keçirilməyib:

“Özüm Birinci Qarabağ müharibəsi şəhidinin övladıyam. Təsəvvür edin ki, mənim üçün vətən nə deməkdir. Məktəbimizdə hər zaman vətənpərvərlik mövzusu ön planda tutulub. İki paralel dördüncü sinfin müəllimləri Rəna Kazımova və Riyaletta Nəbiyeva sözügedən mövzuda dərs keçib və yayılan foto da dərsdən sonra dəhlizdə çəkilən xatirə fotosudur. Daha sonra döş nişanı çıxarılıb və zalda ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan tədbir keçirilib. Mən də orada iştirak etdim. Lakin lent məsələsindən xəbərim olmayıb”.

Direktor qeyd edib ki, məktəbləri daha əvvəl rus-erməni məktəbi olub:

“Özüm şuşalıyam, həyatda hər şey olur. Babam da İkinci Dünya Müharibəsində həlak olub. Bilirsiniz, o foto çəkdiriləndə məsələnin dərinliyinə varmayıblar. Bu, səhvdir. Razıyam, buna cəza verilsə belə haqqına veriləcək. Lakin səhvdən heç kim sığortalanmayıb. Məktəbdə İkinci Dünya Müharibəsinə həsr olunan fondumuz var, köhnə əşyaları saxlamışıq, şagirdlərə göstəririk”.

Dərsin təşkilatçısı olan sinif rəhbərlərindən biri Rəna Kazımova da baş verən hadisə ilə bağlı üzr istəyib:

“Mən bilmədən o lentdən istifadə etmişəm. İkinci Dünya Müharibəsi ilə əlaqədar olaraq interaktiv dərs keçmişik. 30 ildir məktəbdə işləyirəm, illərdir veteranları tədbirlərimizə dəvət edirik. Hər zaman veteranlarla görüşlərdə o lenti bağlamışıq. Heç mən bilməmişəm ki, bu lentdən istifadə düzgün deyil, hər hansı mənası var. Səhvimi boynuma alıram. Ola bilər ki, mən bilməmişəm, üzrlü sayılsın. İllərlə dövlətə qulluq etmişəm”.

Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.