“Erməni xisləti bizə məlumdur. Onlar Qarabağda məğlub olduqdan sonra güclərini gördülər və anladılar ki, Azərbaycan Ordusu qarşısında dayanmaq mümkün deyil. Yenidən köhnə oyunları işə salmağa, beynəlxalq qurumları prosesə qatmağa, Azərbaycan haqqında böhtanlar yaymağa, guya Qarabağda Azərbaycan Ordusu deyil, muzdluların olduğu mənzərəsini yaratmağa çalışdılar. Halbuki, ermənilər bizim torpaqlarımızı işğal edərkən muzdlulardan istifadə ediblər. Amma beynəlxalq hüquq və BMT qətnamələri Azərbaycanın mövqelərinin doğru olduğunu göstərir. Üstəlik də üçtərəfli razılaşma Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamağa, sərhədləri müəyyən etməyə məcbur edir”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı deyib.
Deputat qeyd edib ki, müharibədən dərhal sonra Ermənistandakı radikal qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətinə düşdülər:
“Müsbət haldır ki, belə təşəbbüs baş tutmadı. Məlum oldu ki, ermənilər başqa yolun olmadığını dərk etdilər. Əlbəttə, radikal qüvvələr, revanşistlər var. Daşnaklar fəaldırlar. Ermənistanda guya “yenidən Şuşaya, Qarabağa qayıdacağıq” – şüarı ilə çıxış edənlər var. Bunlar əslində erməni xalqına yalançı ümidlər verirlər. Bəlkə də burada erməni hakimiyyətinin əli də var. Zahirən belə görüntü yaradırlar. Moskva və Brüssel görüşlərində və digər platformalarda isə deyirlər ki, sülh yaratmağa hazırıq. Eyni zamanda vaxtı uzadırlar. Müqavilədə açıq göstərilib ki, Zəngəzur dəhlizi açılmalıdır. Amma bunu müxtəlif bəhanələrlə, bizə fərqli marşurut göstərməklə gecikdirirlər. Yəni oyun aparırlar. Amma nə qədər ləng getsə də proses irəliləyəcək. Buradan geri dönüş yoxdur”.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanın Qarabağda gördüyü işlər əslində dünyaya bu ərazilərin əslində kimin olduğunu göstərir:
“Onlar yandırıb, viran qoyublar, biz isə tikir və quruculuq işləri aparırıq. Əlbəttə, Qarabağa qayıtmağa da tələsirik. Amma onlar Qarabağa minalar səpiblər və bu, təmizlənməlidir. Azərbaycan həm diplomatik, həm Qarabağda quruculuq sahəsində uğurlu addımlar atır. Dövlət büdcəsindən quruculuq işlərinə əlavə vəsait ayrıldı və işlər gedir. Ermənistan nə edir-etsin, bu, onların ziyanınadır. Əvvəla, Azərbaycan yerində dayanmayıb. Digər tərəfdən, Azərbaycan Ordusu inkişaf edir, xüsusi təyinatlıların təlimləri davam edir. Ermənistan başını qaldırsa, daha ağır zərbə alacaq. Baxmayaraq ki, onlara gizli yardım edən və bizim üzərimizə salanlar var”.