GMO və yem məhsulları ilə bağlı YENİLİKbackend

GMO və yem məhsulları ilə bağlı YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarının və qeydiyyatının qüvvədəolma müddətinin müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsinə, təhlükəsizliyinin və minimum keyfiyyətinin həmçinin etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsinə imkan yaranacaq.

Bu Qərarla təsdiq edilən siyahı ilə müəyyən olunan yem üçün istifadəsi nəzərdə tutulan GMO, habelə yalnız GMO-dan ibarət olan və ya tərkibində GMO olan və ya tərkibində GMO-dan əldə edilmiş məhsul olan yem məhsulları genetik modifikasiya növü nəzərə alınmaqla qeydiyyata alınır.

GMO və yem məhsullarının qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılmalıdır. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

– “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunla ilə müəyyən edilmiş məlumatlar;

– məhsulun adı;

– idxal edilən məhsulun xarici ölkədə verilmiş unikal identifikatoru;

– mənşə ölkəsi;

– istehsal və ya emal edildiyi qida obyektinin adı və ünvanı.

Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

– təyinatına və xüsusiyyətinə dair məlumat;

– genetik modifikasiya növünə dair məlumat;

– istifadə şərtləri;

– saxlanma şəraiti və yararlılıq müddəti;

– idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;

– genetik modifikasiya növünü identifikasiya etməyə imkan verən tədqiq (sınaq) metodları.

Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının unikal identifikatoru ilə bağlı dəyişiklik baş verdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.

Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyat müddəti 10 (on) ildir.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsulları üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatının qüvvədə olduğu müddət ərzində istehsal olunmuş, emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.