Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar ölkəyə kommersiya məqsədilə idxal etdikləri malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən idxal olunan malların gömrük dəyərinin və ya statistik dəyərinin süni şəkildə qaldırılması (artırılması) halları ilə rastlaşırlar.
NOCOMMENT.az xəbər verir ki, belə hallarda idxal həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən malların faktiki alğı-satqı sənədlərinin təqdim olunmasına baxmayaraq, gömrük orqanlarının tələbi öz qüvvəsində qalır və nəticə etibarilə hüquqi şəxslər və fərdi sahibkarlar yaranan nəqliyyat vasitəsinin saxlanılması və digər əlavə xərclərin qarşısını almaq üçün gömrük orqanlarının şərtləri ilə razılaşmalı olurlar.
Malların gömrük dəyərinin və ya statistik dəyərinin bu cür artırılması hüquqi şəxslər və fərdi sahibkarlar ilə gömrük orqanları arasında mübahisələrə səbəb olur ki, bu da biznesin çevikliyini aşağı salır və idxalçı üçün əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Bir sıra hallarda gömrük orqanlarının əməkdaşları idxal zamanı tətbiq edilən gömrük dəyərini və ya statistik dəyərini artıq eyni adlı malın həmin qiymətlə gömrük rəsmiləşdirilməsindən keçdiyi və heç bir halda daha aşağı qiymətlə rəsmiləşdirilməyəcəyi ilə əsaslandırırlar. Belə tələb isə birbaşa olaraq qanunvericiliyin tələblərinə ziddir.
Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Gömrük orqanlarının əsassız tələblərinin icra edilməməsi, pozulmuş hüquqlarının müdafiəsi və bəyan olunmuş malların sərbəst dövriyyəyə buraxılışına nail olunması üçün hüquqi şəxslərə və fərdi sahibkarlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün müraciət etmələri tövsiyə olunur.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov NOCOMMENT.az-a bildirib ki, gömrük dəyərinin süni şəkildə artırılması ölkədə sahibkarlıq mühitinə ciddi zərbə vurur:
“Gömrük dəyərinin real bazar qiymətindən yuxarı müəyyən edilməsi sahibkarların xərclərini artırır, nəticədə məhsulun maya dəyəri yüksəlir və bu, birbaşa olaraq istehlakçı qiymətlərinə təsir edir. Belə hallar həm daxili bazarda rəqabəti zəiflədir, həm də idxalçıların fəaliyyətini risk altına salır. Qanunvericilikdə gömrük dəyərinin müəyyənləşdirilməsi üçün dəqiq mexanizmlər mövcuddur və bu mexanizmlərdən kənara çıxmaq iqtisadi mühitə zərər vurur.”
Ekspertin sözlərinə görə, şəffaf və ədalətli gömrük siyasəti həm dövlət büdcəsinə sabit gəlir axınını təmin edir, həm də sahibkarların fəaliyyətini stimullaşdırır:
“Əgər sahibkar qanuni sənədlərlə real alış qiymətini təqdim edirsə, ona süni maneələr yaradılmamalıdır. Əks halda, qeyri-rəsmi yolların artması, kölgə iqtisadiyyatının genişlənməsi və investisiya mühitinin zəifləməsi riski yaranır. Bu baxımdan gömrük sistemində rəqəmsallaşmanın və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.”
Ekspert əlavə edir ki, problemin həlli üçün sahibkarlarla gömrük orqanları arasında dialoq mexanizmləri gücləndirilməli, şikayət və apellyasiya prosedurları daha operativ və şəffaf şəkildə işləməlidir.
Onun fikrincə, yalnız bu halda idxal prosesində yaranan süni maneələrin qarşısını almaq və sağlam biznes mühitini formalaşdırmaq mümkün olacaq.
Tunar
NOCOMMENT.az













