Gömrük limiti 300-dən 150 dollara endirilir?backend

Gömrük limiti 300-dən 150 dollara endirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 23 avqust tarixində gömrük limiti barədə Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirildi. Həmin qərarda həmçinin qeyd edilirdi ki, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər amma gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir. İlk günlər ciddi etirazlar olsa da, qərara heç bir təsir etmədi.

 

Son günlərdə isə sosial şəbəkələrdə bu limitin 300-dən 150 dollara endiriləcəyi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. Bu isə vətəndaşların ciddi narahatlığına səbəb oldu.

Bəs görəsən, gömrük limiti daha da endirilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bu iddianın heç bir rəsmi əsası olmadığını açıqlayıb:

“Sosial şəbəkələrdə gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlara mən də rast gəldim. Daha sonra axtardım ki, rəsmi bir mənbə tapım, lakin tapa bilmədim.

Bu çox mənasız, absurd bir şeydir, gərək bununla bağlı heç müzakirə belə açılmasın. Mənbə yoxdur ki, ona istinad edək, nə deputatlar, nə məmurlar, nə hər hansı gömrük işçisi bu barədə bir kəlmə də söz deməyib. Sadəcə kimsə sosial şəbəkələrdə yazıb və bu durmadan tirajlanır və yanlış gündəm yaranır.

Limitin azaldılması məsələsini ümumiyyətlə, müzakirəyə açmaq lazım deyil. Onsuz da limit 1000 dollardan 300 dollara salınıb, bundan da aşağı hara salınsın? Bu biabırçılıqdır.

Mən inanmıram ki, gömrük limiti yenidən aşağı salınsın, çünki “Trendyol”un Azərbaycanla müqaviləsi var”.

Ekspertin sözlərinə görə, vətəndaşlar üçün müəyyən edilmiş 300 dollarlıq limit çox azdır və bu aradan qaldırılmalıdır:

“Bəzi ölkələrdə də bizdəki kimi gömrük limitləri var, sadəcə bu limitlər şəxsi istifadə üçün olduğu sübut edildikdə daha yüksək olur. Kimsə özünə xaricdən mebel də ala bilər, buna görə vergi, əlavə rüsum ödəməməlidir. Elə mebel var ki, qiyməti 10 min dollardır. Xaricdə məbləğə yox, niyyətə baxılır və gömrük limiti ona uyğun təyin edilir. Əgər siz sifarişi özünüzə şəxsi istifadə üçün vermisinizsə, bu zaman heç bir ödəniş tələb olunmur.

Bizdə də belə olmalıdır. Əvvəllər limit 1000 dollar idi, əslində, bu məbləğ də azdır, amma o limitlə ayı yola vermək olurdu. Hətta bir neçə il öncə gömrük limitinin 1000 dollardan 10 000 dollara qaldırılması ilə bağlı qərar oldu, lakin üstündən heç 2 həftə keçməmiş həmin qərarı ləğv etdilər. Bu qərarın olması daha doğru olardı”.