“Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil”.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib:
“Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb. Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.
Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i də o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.
Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir”