Moskvanın Taqanski rayonunun magistratı “Google”a 5 milyon rubl (99 min manat) cərimə kəsib.
NOCOMMENT.az xəbər verir ki, buna səbəb şirkətin Roskomnadzorun göstərişlərinə əməl etməməsi olub.
“Google” MMC Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.7.10-cu maddəsinin 4-cü hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib. Şirkətə 5 milyon rubl məbləğində inzibati cərimə kəsilib.
Əvvəllər məhkəmə Roskomnadzor tərəfindən müəyyən edilən pozuntulara görə “Google”u dəfələrlə cərimələyib. Beləliklə, 2021-ci ilin sonunda “Google” Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 5-ci hissəsinə əsasən 7,2 milyard rubl məbləğində dövriyyə cəriməsinə məruz qalan ilk şirkət olub. Sonradan şirkət daha iki dövriyyə cəriməsi alıb: Rusiya ordusunun hərəkətləri ilə bağlı “saxta xəbərlər”in silinməməsinə görə 21,7 milyard rubl və saxta məlumatları “YouTube”dan silməkdən dəfələrlə imtina etdiyinə görə 4,6 milyard rubl.