Goranboy rayonunun girişində Mərkəzi Xəstəxananın qarşısındakı küçədə çirkab suları xəttinin çəkilməməsi sakinləri narahat etməyə davam edir.
NOCOMMENT.az xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanası küçəsində kanalizasiya infrastrukturu qurulsa da, qarşı tərəfdə bu işin illərdir həyata keçirilmədiyi bildirilir.
Sakinlərin iddiasına görə, həmin ərazidə kanalizasiya xəttinin çəkilməsi əvvəlki icra başçısının dövründə layihə olaraq mövcud olsa da, icra olunmayıb. Nəticədə küçədə yaranan üfunət, çirkab suların yığılması, həmçinin şamboların tez-tez daşması ətraf mühitə ciddi təhlükə yaradır.
Çirkab sular həm maddi ziyan vurur, həm də xəstəlik mənbəyinə çevrilir
Sakinlər bildirirlər ki, sahədə şambonların aşırı yüklənməsi həm maddi baxımdan böyük xərc yaradır, həm də dözülməz qoxu ilə gündəlik həyatı iflic edir. Ən narahatedici məqam isə uşaqlarda xəstəlik riskinin artmasıdır.
Valideynlərin sözlərinə görə, xüsusən payız, qış aylarında küçənin bəzi hissələrində yığılan çirkab sular ağır qoxu və mikrob yayılmasına səbəb olur. Bunun isə xüsusilə tənəffüs yolu infeksiyaları və bağırsaq xəstəliklərinin artmasına gətirib çıxardığı iddia edilir.
Mərkəzi xəstəxana ilə üzbəüz küçədə bu vəziyyət dəhşətdir
Sakinlər hesab edir ki, rayonun ən mühüm obyektlərindən biri olan xəstəxana ilə üzbəüz küçədə belə bir mənzərənin olması həm sanitar normalara, həm də ərazinin görünüşünə tamamilə ziddir.
Onlar aidiyyəti qurumları problemin dərhal həllinə çağırır və uzun müddətdir reallaşdırılmayan layihənin yenidən gündəmə gətirilməsini istəyirlər.










