Bakıda 5,5 milyon manatlıq kotec villalar hərraca çıxarılıb.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, sözügedən villalar Bakı şəhəri Səbail rayonu, Salyan şosesinin 14-cü kilometrliyində yerləşən “Green City”də yerləşir. 295,7 kv.metrlik 3 mərtəbəli və 8 otaqlı 6 villanın hər birinin hərrac qiyməti 535 min manat təşkil edir. 1438 kv.metrlik 3 mərtəbəli və 14 otaqlı bir villanın qiyməti isə 2 milyon 295 min manat müəyyən edilib.
Qeyd edək ki, illik hərrac avqust 26-da elan edilib. Lakin iştirakçı olmadığı üçün baş tutmayıb. Növbəti hərrac sentyabr ayının 5-də keçiriləcək. Bu hərraclar adətən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.
Məsələ ilə bağlı “Green City” şirkətindən Valyuta.az-a bildirilib ki, sözügedən villalar şəxsi mülkiyyətdir və onlara aid deyil. Buna görə də hərraca çıxarılan əmlaklarla bağlı onlarda heç bir məlumat yoxdur.
Xatırladaq ki, kurort və yaşayış kompleksi Green City Resort & Spa sahilyanı komplekslərdən biridir. Kompleks 30 hektar ərazidə inşa olunub və 2010-cu ildə FS şirkətlər qrupunun sifarişi ilə istifadəyə verilib.