“Dəvə hörümçəkləri” (elmi adı ilə solpuqlar) təbiətdə ən sirli və eyni zamanda qorxunc görkəmli hörümçəklərdən hesab olunur.
NOCOMMENT.az qaynarinfo.az-a istinadən xəbər verir ki, onların uzunluğu 15 santimetrə qədər çata bilir və nəhəng çənələri var. Bu canlılar elmi baxımdan hörümçək deyillər, lakin hörümçəklilər dəstəsinə daxildirlər. Hazırda 1000-dən çox növü məlumdur.
Dəvə hörümçəklərinin səkkiz ayağı və qəniməti tutmaq üçün istifadə olunan iki pedipalpası olur. Onların rəngi adətən qəhvəyi və ya açıq qəhvəyi olur ki, bu da səhrada gözə çarpmadan hərəkət etmələrinə kömək edir.
Bu canlılar dünyanın əksər bölgələrində yayılıb. Onlara Yaxın Şərqdə, Şimali Afrikada, Hindistanda, Meksikada və ABŞ-ın cənub-qərbində rast gəlinir. Yeganə istisna Avstraliya və Antarktidadır.
Dəvə hörümçəkləri çox sürətli hərəkət edə bilir — onların sürəti saatda 16 kilometrə çata bilər. Adətən gecə ov edirlər. Onların qidasına siçan kimi xırda gəmiricilər, kərtənkələlər, müxtəlif həşəratlar və kiçik quşlar daxildir.
Onlar zəhərli deyillər, buna görə də əsas silahları güclü çənələridir. Bu çənələr bəzən bədən uzunluğunun üçdə biri qədər ola bilir.
Mütəxəssislərin sözlərinə görə, dəvə hörümçəklərinin dişləməsi ağrılı ola bilər, lakin insan üçün təhlükəli deyil. Ən geniş yayılan miflərdən biri isə onların dəvələrin içini yeyərək öldürməsidir, lakin bu, həqiqətə uyğun deyil.