Gültəkin Hacıbəylinin məhkəmə sədri ilə bağlı etirazı rədd edildibackend

Gültəkin Hacıbəylinin məhkəmə sədri ilə bağlı etirazı rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində xüsusi ittiham qaydasında şikayət əsasında Nəsimi Rayon Məhkəməsində cinayət işi başlanılmışdı.

NOCOMMENT-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o, həmin məhkəmənin əvvəlki dövrlərdən ona qarşı qərəzli olduğunu iddia edərək məhkəməyə etiraz edib. G.Hacıbəyli məhkəmədə bildirib ki, siyasi fəaliyyəti ilə əlaqəli bütün işlər Nəsimi Rayon Məhkəməsinə verilir və məhkəmə sədri əvvəldən ona qarşı qərəzlidir.

G.Hacıbəyli qeyd edib ki, barəsində şikayət edən Leyla Arif məhkəməyə mötəbərliyi bəlli olmayan və internet resurslarında müəyyən edilə bilməyən çıxarışlarından sübutlar təqdim edib. Həmin çıxışlar isə qanuna əsasən, sübut kimi qəbul edilə bilməz. O, hakim Elməddin Hüseynovun yayılma tarixi müəyyən edilməyən və hansı rayonda yayılması bəlli olmayan sənədləri icraata qəbul edərək barəsində cinayət təqibi başlatmasının qanunsuz olduğunu qeyd edib.

G.Hacıbəyli işin başqa məhkəməyə göndərilməsini xahiş edib.

Nəsimi Rayon Məhkəməsi etirazı qəbul edib və işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya Məhkəməsi isə araşdırmalardan sonra bu qənaətə gəlib ki, Nəsimi Rayon Məhkəməsinin cinayət təqibində maraqlı olmasını təsdiq edən, işə obyektiv və hərtərəfli baxılmasına maneə törədə biləcək sübut yoxdur. Hakimi Ziya Şirinov işi yenidən Nəsimi Rayon Məhkəməsinə qaytarıb. Bildirilib ki, qərar qətidir və kassasiya şikayəti verilə bilməz.

Qeyd edək ki, G.Hacıbəyli barəsində L.Arif xüsusi ittiham qaydasında Nəsimi Rayon Rayon Məhkəməsinə şikayət edib. Ötən ilin sentyabrında iş icraata qəbul edilib və G.Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət təqibi başlanıb. Siyasətçi iki dəfə məhkəməyə gəlmədiyi üçün barəsində axtarış elan edilib. 30 noyabr 2022-ci ildə o, Bakıda hava limanında saxlanılaraq Nəsimi Rayon Məhkəməsinə təhvil verilib. Barəsindəki icraat təzələnib. İfadəsi alındıqdan sonra sərbəst buraxılıb. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onun barəsindəki ittiham təsdiqini taparsa, üç ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, son 5 ildə Nəsimi rayon Məhkəməsinə hakim İlham Cəfərov sədrlik edib. Bir neçə gün öncə o, Bakı Apellyasiya Məhkəməsinə təyinat alıb. Nəsimi Rayon Məhkməsinə sərdlik hakim İlqar Qaralova həvalə olunub.