Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qarşı qoruyucu təsir göstərə bilər.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, “Soochow” Universitetinin çinli alimləri bu qənaətə gəliblər. Tədqiqat “Journal of Clinical Endocrinology & Metabolism” (JCEM) elmi nəşrində dərc olunub.
Mütəxəssislər müəyyən ediblər ki, kofeinin kiçik dozaları kardiometabolik multimorbidlik (KM), maddələr mübadiləsi və ürək-damar sistemi ilə bağlı orqanizmdə iki xroniki xəstəliyin yaranması riskini azaldır.
“Gündə üç fincan qəhvə və ya 200-300 mq kofein içmək, heç bir kardiometabolik xəstəliyi olmayan insanlarda kardiometabolik multimorbidlik riskini azaltmağa kömək edə bilər”,- tədqiqatın aparıcı müəllifi Dr. Chaofu Ke deyib.
Alimlər üç standart stəkan içkinin tərkibində 200-300 mq kofeinin olduğunu aydınlaşdırıblar.
Nəticələr Böyük Britaniyanın Biobank layihəsindən 172,3 mindən çox insanın tibbi məlumatlarının təhlilinə əsaslanır.
Mütəxəssislər vurğulayırlar ki, hər gün qəhvə içmək vərdişi sözün əsl mənasında həyatı xilas edə bilər, çünki CM olan xəstələrdə hər hansı səbəbdən ölüm riski sağlam insanlarla müqayisədə 4-7 dəfə artır.