Mövsümi meyvələr arasında xüsusi yeri olan nar payızın ən bol və sevilən nemətlərindəndir. Qırmızı rəngi, turş-şirin dadı və zəngin tərkibi ilə həm süfrələrin bəzəyidir, həm də xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan “şəfa meyvəsi” kimi tanınan nar dadına və sağlamlığa verdiyi faydalarına görə dəyərləndirilir. Bəs bu meyvə kimlər üçün faydalıdır, kimlər isə onu ehtiyatla qəbul etməlidir?
NOCOMMENT.az xəbər verir ki, yenisabah narın faydalarını, kimlərə şəfa gətirdiyini, kim üçün riskli olduğunu araşdırıb.
Nar qədimdən həm Şərq, həm də Qərb təbabətində özünə yer tapıb. Onun tərkibindəki C vitamini, kalium, dəmir, lif və antioksidantlar orqanizmi gücləndirir, immun sistemini möhkəmləndirir. Mütəxəssislər bildirirlər ki, narın tərkibindəki polifenollar və antosianinlər xərçəng hüceyrələrinin inkişafını ləngidə, damarları təmizləyə və ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Eyni zamanda, nar bağırsaq fəaliyyətini tənzimləyir, dərinin və saçın sağlam görünməsinə kömək edir.
Lakin bu meyvənin faydaları ilə yanaşı, bəzi hallarda ehtiyatla istifadə olunması tövsiyə edilir. Xüsusilə mədə xorasından, qastritdən və yüksək turşuluqdan əziyyət çəkən insanlara narın turş tərkibli şirəsini tez-tez qəbul etməmək məsləhət görülür. Nar təzyiqi bir qədər aşağı sala bildiyi üçün hipotoniya (aşağı təzyiq) problemi olan şəxslərə də çoxlu miqdarda istifadə etmək məsləhət deyil. Şəkərli diabet xəstələrinin nar şirəsini qəbul edərkən miqdara diqqət etməsi vacibdir, çünki təbii şəkər tərkibi qan şəkərinin səviyyəsini artıra bilər.
Dietoloqların fikrincə, narın ən faydalı forması təzə dənələridir. Gündə bir ədəd nar yemək orqanizmin vitamin balansını qorumağa və immuniteti gücləndirməyə kömək edir. Nar şirəsi isə təbii formada, şəkərsiz və az miqdarda qəbul edildikdə həm qanın keyfiyyətini yaxşılaşdırır, həm də orqanizmi zərərli maddələrdən təmizləyir. Lakin hər bir halda, bu meyvədən maksimum fayda əldə etmək üçün onu fərdi sağlamlıq vəziyyətinə uyğun şəkildə istehlak etmək vacibdir.
Hazırda narın əsl mövsümüdür. Bazar və marketlərdə narı müxtəlif qiymətlərə tapmaq mümkündür. Bazarda kiloqramı 1-1,50 manat olan bu meyvə marketlərdə 4-9 manata satılır. Hətta “super nar” sortu adı ilə 14 manata satılan narlar da var.