Yay aylarında artan günəş şüaları yalnız dəri sağlamlığına deyil, eyni zamanda göz sağlamlığına da ciddi təhlükə yaradır.
NOCOMMENT.az qaynarinfo.az-a istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, operativ göz həkimi Dr. Metin Yıldızın sözlərinə görə, düzgün seçilmiş günəş eynəyi, ultrabənövşəyi (UV) şüaların gözlərə verə biləcəyi ziyanı önləməyin ən effektiv yollarından biridir.
Uşaqlar daha həssasdır
Dr. Yıldız vurğulayır ki, uşaqların göz bülluru daha şəffaf, göz bəbəkləri isə daha geniş olduğuna görə onların gözləri UV şüalarına qarşı daha həssas olur. Bu xüsusiyyətlər UV şüalarının birbaşa gözə daxil olub daha çox ziyan verməsinə səbəb olur. Buna görə uşaqlar kiçik yaşlardan etibarən günəş eynəyi istifadə etməyə başlamalıdır.
Gözlük seçimində əsas meyarlar:
1. UV qoruması:
Eynəklər mütləq 100% UV qorumasına sahib olmalıdır. UV400 etiketli məhsullar həm UVA, həm də UVB şüalarını tamamilə bloklayaraq gözləri qoruyur.
2. Şüşə keyfiyyəti:
Keyfiyyətsiz şüşələr göz yorğunluğuna və baş ağrılarına səbəb ola bilər. Polarizasiya edilmiş şüşələr əks olunan işığı azaldaraq daha aydın görüntü təmin edir.
3. Çərçivə quruluşu:
Yüngül və elastik çərçivələr uzun müddət istifadədə rahatlıq yaradır. Çərçivənin quruluşu həm istifadə konforunu, həm də göz sağlamlığını birbaşa təsir edir.
4. Şüşənin tündlüyü:
Şüşənin tündlük dərəcəsi istifadə mühitinə uyğun seçilməlidir. Açıq rəngli şüşələr parlaq günəşli havalarda yetərli qoruma təmin etməz. Çox tünd şüşələr isə qaranlıq mühitlərdə görmə çətinliyi yarada bilər.
5. Şüşə rəngi:
Boz, qəhvəyi və yaşıl tonlu şüşələr gözləri yormadan təbii rəngləri dəyişmədən göstərir və gündəlik istifadə üçün idealdır.
Keyfiyyətsiz məhsullara diqqət
Dr. Yıldız xəbərdarlıq edir ki, UV filtri olmayan və sertifikasız günəş eynəkləri gözlərə fayda vermək əvəzinə ciddi zərərlərə səbəb ola bilər. Buna görə də mütləq şəkildə etibarlı və sertifikatlı məhsullara üstünlük verilməlidir.