Gürcüstan parlamenti dövlətə xəyanət maddəsinin Respublika Cinayət Məcəlləsinə qaytarılması haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, aşağıdakı hərəkətlər dövlətə xəyanət kimi qiymətləndiriləcək: Gürcüstanın ərazi bütövlüyünün pozulması, konstitusiyaya zidd saziş və ya danışıqların bağlanması, respublikanın xarici təhlükəsizliyinin pozulması, Xarici Kəşfiyyat Xidmətinin tərkibinə daxil olmaq, ölkənin müdafiə qabiliyyətinin pozulması, dövlət sirrinin açıqlanması, xarici kəşfiyyat və ya gizli təşkilatların fəaliyyətinə köməklik.
Nəşr əlavə edib ki, qanun layihəsi “Gürcü arzusu” fraksiyası və “Xalq hakimiyyəti” siyasi qrupunun 86 səsi ilə yekdilliklə dəstəklənib.
Bundan əvvəl məlum olub ki, Gürcüstan parlamenti ABŞ Xarici Agentlər Aktının (FARA) surətini üçüncü və yekun oxunuşda qəbul edib. Qanun layihəsi Gürcüstan prezidenti Mixail Kavelaşvili tərəfindən imzalandıqdan və ölkə parlamentinin saytında dərc edildikdən sonra qüvvəyə minəcək.