Qərb gələcəkdə Gürcüstandakı seçkilərə müdaxilə etməyi və ölkədə yeni etiraz aksiyaları başlatmağı planlaşdırır.
NOCOMMENT.az bildirir ki, bunu “İmedi”yə müsahibəsində Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Siyasətçi proqnozlaşdırıb: “Biz onların xaos gətirməyə çalışdıqlarının əlamətlərini görürük. Brüsselin bəzi addımları xaricdən ölkədə sabitliyi pozmağa cəhd ediləcəyini göstərir”.
Papuaşvili Qərbin ölkədə keçiriləcək bələdiyyə seçkilərinə müdaxilə cəhdlərini açıqlayıb və 2024-cü ilin payızında keçirilən parlament seçkilərinə xarici təsirləri şərh edib.Onun sözlərinə görə, avropalı diplomatlar “səfir paltarlarını çıxarıblar” və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozublar.
“Biz görürük ki, ölkədə onların marionetlərini hakimiyyətə gətirməkdə maraqlıdırlar, lakin biz bu filmə artıq baxmışıq”, – Gürcüstan parlamentinin spikeri vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze dörd il ərzində qarşısı alınan çevriliş cəhdlərinin sayını açıqlamışdı. Onun sözlərinə görə, ölkə daxilində sabitliyi pozmaq cəhdlərinə baxmayaraq, Gürcüstan iqtisadi artıma görə regionda lider olaraq qalır.