“Bir nəfər olub, gəlib məscidə məni axtarıb, istəyib ki, xətər yetirsin, qəsd etsin. Ancaq əli mənə çatmayıb, məscidin xidmətçilərindən birinə xətər yetirib. Hansısa dini dözümsüzlükdəndir, nədəndir, səbəbini bilmirəm”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov ona qarşı edilən sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.
Əli Şərbətov ona qarşı qəsdə cəhd edən şəxsi tanımadığını söyləyib:
“Məhkəmə istintaqında hər şey aydınlaşacaq. Həmin şəxsi heç vaxt tanımamışam. Şübhələndiyim də kimsə olmayıb. Heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Mən sadə din xadimiyəm. İnsanlar fərqli dünyagörüşlərinə malikdirlər. Şükür, məsciddə sakitlikdir. Vaxtlı-vaxtında dini ayinlər icra olunur, sabitlikdir”.
Qeyd edək ki, 2023-cü il dekabrın 30-da Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilib. Həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənliyə çoxsaylı bıçaq xəsarəti yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqavimət göstərməsi səbəbindən Əli Şərbətovun xidməti otağına girə və sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Fəxrəddin oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.