Myanmanın kommersiya paytaxtı sayılan Yanqon şəhərində ABŞ-li məmur həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə ötən ay hotellərin birində baş verib. Dövlət Departamentinin nümayəndəsi əlavə təfərrüatları açıqlamadan, ABŞ-nin Ranqundakı (Yanqon) səfirliyində çalışan hökumət əməkdaşının sadəcə ölüm faktını təsdiq edib.
"Ailənin və yaxınlarının şəxsi həyatına hörmət əlaməti olaraq, hazırkı mərhələdə əlavə məlumat verə bilmərik", - deyə açıqlamada qeyd olunub. Məsələnin həssaslığını nəzərə alaraq adlarının çəkilməsini istəməyən və hadisədən xəbərdar olan iki mənbənin sözlərinə görə, məmurun cəsədi şəhərin əsas diplomatik mərkəzlərindən birində yerləşən "Sakura Residence & Hotel" hotelində aşkarlanıb.
Agentlik qeyd edib ki, telefon vasitəsilə əlaqə saxlanılan hotel əməkdaşları məsələ ilə bağlı hər hansı bir şərh verməkdən boyun qaçırıblar, yerli polis idarəsi isə sorğuları cavabsız qoyub.
Hadisə barədə ilk məlumatı yayan "Associated Press" agentliyi bu ölüm işi ilə əlaqədar bir Tailand vətəndaşı olan qadının saxlanıldığını bildirib. "Reuters" agentliyi isə bu təfərrüatları dərhal və müstəqil şəkildə təsdiqləyə bilməyib./oxu.az/












