İranın cənub bölgəsində qısa müddət ərzində iki yeraltı təkan qeydə alınıb. Seysmik aktivlik yerli əhali arasında qısamüddətli təşvişə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, İranın Hörmüzqan əyalətinin Sərgəz şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzinin yaydığı rəsmi məlumata görə, yeraltı təkanların ocağı yerin 22 kilometr dərinliyində yerləşib.
Zəlzələnin gücü kifayət qədər böyük olduğundan, təkanlar əyalətin inzibati mərkəzi olan Bəndər-Abbas şəhərində və qonşu Kirman əyalətində də aydın hiss edilib. İlk güclü təkandan təxminən yarım saat sonra eyni ərazidə 3,9 bal gücündə ikinci zəlzələ (afterşok) qeydə alınıb.
Hörmüzqan əyalətinin Böhran İdarəetmə İdarəsindən verilən ilkin məlumata görə, ardıcıl baş verən yeraltı təkanlar nəticəsində hər hansı tələfat, xəsarət alma və ya ciddi infrastruktur dağıntısı qeydə alınmayıb. Bölgədə vəziyyət nəzarət altındadır.
Sara, NOCOMMENT.az












