İranın paytaxtı Tehranda bu gün səhər saatlarında silsilə güclü partlayış səsləri eşidilib. Sosial şəbəkələrin İran seqmentində və müstəqil media resurslarında yayılan məlumatlara görə, partlayışlar şəhərin qərb hissəsində yerləşən yaşayış massivlərində kəskin hiss olunub. Yerli sakinlər partlayış dalğasının kifayət qədər güclü olduğunu və ciddi narahatlıq yaratdığını bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, partlayış səsləri əsasən Cənnətabad, Şəhr-e Ziba, Bağ-e Feyz və Şəhran bölgələrində qeydə alınıb. İlkin məlumatlara əsasən, hadisə iki dalğa şəklində baş verib; birinci partlayış yerli vaxtla təxminən saat 02:40-da, ikincisi isə 03:05 radələrində eşidilib. Hadisənin baş verdiyi bölgələrdə elektrik enerjisinin kəsilməsi və bəzi nöqtələrdə tüstü dumanının müşahidə edildiyi barədə iddialar olsa da, bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.
İran hakimiyyəti və rəsmi media qurumları baş verən hadisə ilə bağlı susqunluğunu qoruyur. Partlayışların səbəbi — hərbi təlim, texniki qəza, yaxud mümkün xarici müdaxilə olması barədə hələlik heç bir açıqlama verilməyib. Regionda gərginliyin artdığı və ABŞ-İsrail koalisiyasının İrana qarşı ultimatumlarının kəskinləşdiyi bir vaxtda paytaxtda baş verən bu hadisə müxtəlif ehtimallara yol açır. Hazırda paytaxtın qərb hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Sara,










