Dünyada baş verən son hadisələri nəzərə alaraq Türkiyə özünün kibertəhlükəsizlik təşkilatını quracaq.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinin xüsusi yayımında dilə gətirib.
Türkiyə xarici işlər nazirinin müəyyən fasilədən sonra Avropa İttifaqı XİN rəhbərlərinin qeyri-formal görüşünə dəvət edilməsi ilə bağlı sualı cavablandıran Hakan Fidan deyib ki, tədbir formatı, müzakirə edilən mövzular və atılacaq addımlarla yanaşı, həm də Türkiyə ilə Aİ arasında bir növ dondurulmuş münasibətlərin gələcəyi ilə bağlı cavab tapmaq baxımından da mühümdür.
Onun sözlərinə görə, Türkiyə 2004-cü ildən etibarən ortaya qoyduğu siyasi iradəyə sadiqdir. Lakin Aİ-də 2008-ci ildən etibarən bu nöqtədə siyasi iradənin olmadığı görünür. Türkiyə ilə Aİ ölkələri arasında müxtəlif sahələrdə ittifaqa namizəd ölkə statusu ilə bağlı atılacaq addımlar var. Son illər bəzi üzv ölkələrin subyektiv yanaşmaları Aİ-Türkiyə münasibətlərinə xələl gətirib. Nazirlərin görüşündə müxtəlif sahələrdə, xüsusilə ticarət, iqtisadiyyat, viza, təhsil, mədəniyyət kimi sahələrdə münasibətlərimizi daha da inkişaf etdirmək, canlandırmaq istiqamətində atılacaq addımlar dəyərləndirilib.
Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı məsələyə münasibət bildirən nazir deyib: “Qlobal dünyada heç bir dövlətin ittifaq qurmadan təkbaşına çətinliklərlə qarşılaşmadan irəliləmək şansı yoxdur. Türkiyənin qədim dövlət mədəniyyətində ittifaqları qurmaq, mövcud birliklərə daxil olmaq və ya məsuliyyət almaqla bağlı təcrübəsi var. Xüsusilə iqtisadiyyatla bağlı bu qədər müxtəliflik, hərəkətlik, inqilab və dinamizm olduğu qlobal məkanda bütün alternativləri dəyərləndiririk. Aİ ilə münasibətlərin dayandığı bir dövrdə alternativlərə baxmağımız normaldır. Bütün bunlara BRICS-ə daxil olduqdan sonra yaxından baxacağıq. Biz, həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasını (ASEAN) da özümüzə yaxın görürük, onunla yaxından maraqlanırıq. Hazırda Türkiyənin mərkəzində olduğu digər iqtisadi əməkdaşlıq təşkilatları mövcuddur. Lakin daha çox hərəkət etmək üçün daha geniş inteqrasiyalara ehtiyac var”.
Türkiyə-Suriya münasibətlərinə toxunan nazir qeyd edib ki, Suriyada rejim ilə müxalifət arasındakı müharibə dondurulub və hər kəs öz mövqeyində sabit dayanıb.
“Yaranmış vəziyyətdə qalıcı sülhün təmini ilə bağlı zəmin hazırlamaq olar. Türkiyənin burada görmək istədiyi mövqe hər iki tərəfin özləri daxilində razılıq əldə edəcəyi siyasi çərçivənin yaranmasıdır. Xüsusilə BMT qərarlarına əsasən bunun baş verəcəyi təqdirdə bizim tərəfdən heç bir problem qalmır. Bu, Suriyanın Türkiyə ilə münasibətlərini normallaşdırmasından əvvəl gələn məsələdir. Hakimiyyətlə müxalifət arasındakı problem dünyanın müxtəlif ölkələrində milyonlarla suriyalı qanunsuz miqrantın olmasına yol açıb ki, bunların da çoxu, üç milyonu Türkiyədədir. Beş milyon qaçqın isə Suriya daxilində Türkiyə və dost ölkələrin təsirli olduğu bölgələrdə yaşayır. Biz orada bu sistemi qurmasaydıq, həmin beş milyon insan Türkiyəyə gələcəkdi. Qurulan sistemin əsas səbəblərindən də biri budur”, – deyə Hakan Fidan vurğulayıb.