Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə iddiaçı Vusalə Nadir qızı Balayevanın Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəis əvəzi Asif Nəsibova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir.
NOCOMMENT.az xəbər verir ki, iddia işçinin qanunsuz olaraq işdən azad edilməsi ilə bağlıdır. Proses zamanı məhkəmə tərəfindən iş üzrə sənədlərin tədqiqi aparılıb. Hakim cavabdeh tərəfə müraciət edərək soruşub ki, işçinin əvvəlcədən xəbərdar edilmədən, intizam tənbehi – töhmət və ya digər tədbirlər tətbiq olunmadan birbaşa işdən azad edilməsi hansı hüquqi əsaslara söykənir. Cavabında GEM-in rəis əvəzi Asif Nəsibov bildirib ki, məsələ həmkarların iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib. Hakim bununla bağlı həmin iclasın rəsmi protokolunun təqdim olunmasını tələb edib. Lakin cavabdeh tərəf məhkəməyə belə bir sənəd təqdim edə bilməyib.
İddiaçı Vusalə Balayeva məhkəmənin diqqətinə çatdırıb ki, qeyd olunan protokolun mövcudluğu şübhəlidir və işdən azad edilmənin qanunsuz olduğunu təsdiqləyən sübutlar artıq məhkəməyə təqdim olunub. Bundan əlavə, hakim cavabdeh tərəfdən tabel sənədlərində olan imzaların surətlərinin məhkəməyə təqdim edilməsini də tələb edib. Rəis əvəzini məhkəməyə Vüsalə Balayeva dezinfeksiya-sanitar xidmətində 13 il çalışıb. O, məhkəməyə təqdim etdiyi iddiasında yazır ki, əlində xəstəliyi ilə bağlı işə çıxmadığı haqda arayış ola-ola Asif Nəsibov tam qanunsuz olaraq onu işdən azad edib. Halbuki Vüsalə Balayeva xəstəliyi ilə bağlı həkimdə olub, müvafiq rəsmiləşdirilmə aparılıb, ona bülleten açılıb. Vüsalə Balayeva bülletendə ola-ola işdən çıxarılmazdan əvvəl Asif Nəsibov ondan maaş kartını tələb edib, o, qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən sonra təzyiqlərlə üzləşib. Vüsalə Balayeva məhkəməyə müraciət etməzdən əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməklə rəis əvəzinin qanunsuz əməllərinin araşdırılmasını istəyib. İddiaçı bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət edib, həkim ona rəsmi xəstəlik vərəqi (bülleten – E.M) açıb. O da mərkəzə yazılı şəkildə izahat təqdim edib: “Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib!”
Vüsalə Balayeva deyir ki, onu qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər: “Bütün bunlar maaş kartımı vermədiyim üçün edildi. Öz işimi vicdanla yerinə yetirmişəm, məni qəsdən bu maddə ilə işdən çıxarıb ki, başqa işə düzələ bilməyim. Mən subay qadınam, yaşım da az deyil. Atam rəhmətə gedib, beldən iflic anam var. Evdə anama tək baxan mənəm. 13 il işlədiyim stansiyadan sırf qanunsuz tələbi yerinə yetirmədiyimə görə işdən çıxarıblar”.
Vüsalə Balayeva deyir ki, şöbədə işlədiyi illər ərzində sağlamlığı pisləşib və ona bronxial astma diaqnozu qoyulub. Ağır kimyəvi maddələrlə təmasda işləyən dezinfeksiya işçisi üçün bu, ciddi riskdir. Buna baxmayaraq o, işini davam etdirib ki, özü də, himayəsində olan anası da son ümid yeri olan işindən məhrum olmasın. Əlindəki sübutlarla məhkəməyə müraciət edib. Onun sözlərinə görə, əlində xəstəlik vərəqi, diaqnoz sənədləri, işdən azad olunma əmri, izahat və digər bütün sübutlar var. Lakin özünü tək və müdafiəsiz hiss edir.
Qeyd edək ki, iddiaçı məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinin hərəkətləri barədə yuxarı instansiyalara da rəsmi şikayət etdiyini və hazırda bununla bağlı araşdırma aparıldığını bildirib.
İş üzrə növbəti məhkəmə iclası 3 mart 2026-cı il tarixinə təyin olunub. /Musavat.com/













